Bakıda Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Birgə Daimi Komissiyanın iclası keçirilib

Bakıda Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Birgə Daimi Komissiyanın iclası keçirilib
# 12 iyul 2012 15:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA-Economics. Bu gün Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki ölkənin nazirlikləri arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın yeddinci iclası keçirilib.

APA-Economics”in xəbərinə görə, iclasda Komissiyanın 17 may 2010-cu ildə Ankarada keçirilən altıncı iclasının Protokolunda təsbit olunmuş vəzifələr və bu vəzifələrlə əlaqədar görülən işlərin nəticələri müzakirə edilib. İclasın sonunda nazirlər Fizuli Ələkbərov və Faruk Çelik iclasda aparılan müzakirələrin nəticələrinə dair Protokolu imzalayıblar.

Protokolda bildirilir ki, tərəflər öz ölkələrində əmək, sosial müdafiə, məşğulluq, miqrasiya, əməyin mühafizəsi və təhlükəsizliyi, əməyin təftişi, peşə standartlarının hazırlanması, kadr hazırlığı, xaricdə işləyən vətəndaşlarına göstərilən xidmətlər, beynəlxalq təşkilatlarla əmək və sosial müdafiə məsələləri üzrə fəaliyyətə dair əməkdaşlıq üzrə müzakirələr apardılar və bu sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin daha səmərəli şəkildə davam etdirilməsini məqsədəuyğun hesab ediblər.

Sənədə əsasən, tərəflər son illər ərzində iki ölkənin əmək və sosial müdafiə sahələrinə aid milli qanunvericiliklərində aparılan dəyişiklikləri nəzərə alaraq 17 iyul 1998-ci ildə Ankara şəhərində imzalanmış Azərbaycan və Türkiyə Hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlıq barədə Sazişin və 6 may 2004-cü il tarixdə Bakı şəhərində imzalanmış iki ölkə hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiqinə dair Prosedur Müqavilənin yenidən işlənilməsi məqsədi ilə aparılan müvafiq tədbirlərin davam etdirilməsində, mövcud Sosial Sazişin tətbiqinin təmini ilə bağlı lazımi tədbirlərin görülməsində razılığa gəliblər.

Protokolda tərəflərin əmək, məşğulluq və əmək miqrasiyası sahəsində qanunvericiliyin tətbiqinə dair məlumatlandırma və təcrübə mübadiləsi, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət və təftiş, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində tədqiqatların aparılması, institusional potensialın yüksəldilməsi, məşğulluq siyasəti üzrə qarşılıqlı məlumat mübadiləsinin aparılması, işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı, işçi heyətinin istehsalat daxili tədrisi, yenidən hazırlığı və ixtisaslarının artırılması daxil olmaqla fasiləsiz tədris sisteminin inkişafı və digər istiqamətlərdə əməkdaşlığın və mütəxəssis mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR