Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Nigeriyada 113 milyon insan səhiyyə, təhsil və həyat səviyyəsi baxımından yoxsulluq içində yaşayır.
APA xəbər verir ki, BMT-nin İnkişaf Proqramı (UNDP) və Oksford Universitetinin Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü (OPHI) tərəfindən hazırlanan 2026-cı il üzrə Qlobal Çoxölçülü Yoxsulluq İndeksi hesabatında ölkədəki yoxsulluğun miqyası ilə bağlı aktual məlumatlar açıqlanıb.
Hesabata əsasən, Nigeriya əhalisinin təxminən 48,7 faizini təşkil edən 113 milyon insan çoxölçülü yoxsulluq şəraitində yaşayır. Bu kateqoriyaya daxil olan şəxslər səhiyyə, təhsil və həyat səviyyəsi ilə bağlı göstəricilər üzrə orta hesabla 55 faiz məhrumiyyətlə üzləşirlər. Ölkə əhalisinin 28,7 faizi isə ağır çoxölçülü yoxsulluq şəraitində yaşayır.
Hesabatda qeyd olunur ki, 2018–2021-ci illərdə yoxsulluğun azaldılması istiqamətində əldə olunan irəliləyiş sonrakı illərdə geriləmə ilə əvəzlənib. Müqayisə edilə bilən məlumatlara görə, yoxsulluq səviyyəsi 2013-cü ildəki 42,3 faizdən 2021-ci ildə 33 faizə düşüb, 2024-cü ildə isə yenidən 38,7 faizə yüksəlib.
Bu artım nəticəsində təxminən 18 milyon insan daha yoxsulluq şəraitində yaşamağa başlayıb. Hesabata görə, artımın dörddə üçü yoxsulluq səviyyəsinin yüksəlməsi, dörddə biri isə əhalinin artması ilə əlaqədardır.
BMT yoxsulluğun xüsusilə Nigeriyanın şimal bölgələrində cəmləşdiyinə diqqət çəkib.