Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
# 13 may 2015 11:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə mayın I ongünlüyü üçün monitorinq keçirib.

APA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın I ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının III ongünlüyünə nisbətən 102 m3/san artaraq 588 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.2, Ağstafaçayda 4.5, Ağstafaçay su anbarında isə 4.3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

May ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 4.6, I Şahsevəndə 4.3, Bəhramtəpədə isə 3.7 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.21-7.15 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR