Azərbaycanda kasko sığortası bazarı 35% azalıb

Azərbaycanda kasko sığortası bazarı 35% azalıb
# 17 sentyabr 2014 09:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-avqust aylarında sığorta növləri arasında ən ciddi artım həyatın ölüm halında sığortasında qeydə alınıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu növ sığorta üzrə yığımlar 3,3 dəfə artaraq 11 mln. manatı keçib. Artımın dinamikasına görə 2-ci yerdə sağalmaz xəstəliklərdən sığorta qərarlaşıb. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 2,43 dəfə artaraq 279 min manata çatıb.

Həyatın yaşam sığortası üzrə yığımlar 74,7% artaraq 36,1 mln. manat, tibbi sığorta üzrə yığımlar 5,6% artaraq 49,9 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 9,3% artaraq 22,4 mln. manat, daşınmaz əmlakın icbari sığortası 35,1% artaraq 11,7 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 10,6% artaraq 275 min manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 5,2% artaraq 45,2 mln. manat, sərnişinlərin icbari fərdi qəza sığortası 26% artaraq 85,4 min manat təşkil edib.

İlin I yarısında sığorta növləri arasında ən ciddi azalma isə pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada qeydə alınıb. Bu növ sığorta üzrə yığım 100% azalıb. Azalmanın dinamikasına görə 2-ci yeri peşə məsuliyyətinin sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 3,87 dəfə azalaraq 135,6 min manat təşkil edib.

Əmlakın yanğından və digər risklərdən sığortası 14,2% azalaraq 20,7 mln. manat, kasko sığorta isə 35,4% azalaraq 20,4 mln. manat təşkil edib.

Sığorta ödənişlərinə gəlincə isə, ən çox artım su nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödənişlər 180 dəfədən çox artaraq 94 min manata çatıb. Ödənişin dinamikasına 2-ci yeri həyatın yaşam sığortası tutub. Bu sığorta növü üzrə ödənişlər 9,55 dəfə artaraq 17,9 mln. manat olub.

Həyatın ölüm halından sığortası üzrə ödənişlər 4 dəfə artaraq 658 min manat, tibbi sığorta üzrə ödənişlər 9% artaraq 31,3 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortası 2,7 dəfə artaraq 6 mln. manat, kasko sığortası 4,5% artaraq 18 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 2,6 dəfə artaraq 1,9 mln. manat, daşınmaz əmlakın icbari sığortası 34,9% artaraq 1,4 mln. manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 15,4% artaraq 19 mln. manat təşkil edib.

Sığorta ödənişləri üzrə ən çox azalma isə işçilərin dələduzluğu sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə ödənişlər 33,8 dəfə azalıb və 65,6 min manat təşkil edib. Azalmanın dinamikasına görə 2-ci yeri kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası tutub. Bu sığorta növü üzrə ödənişlər 17,4 dəfə azalaraq 22,7 min manata düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR