Vəkillər Quba hadisələrində təqsirləndirilən şəxslərə bəraət istəyiblər

Vəkillər Quba hadisələrində təqsirləndirilən şəxslərə bəraət istəyiblər
# 11 dekabr 2012 17:07 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün Quba rayon Məhkəməsində bu il martın 1-də Quba rayonunda baş verən hadisələrə görə həbs olunan 9 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın şimal bürosunun xəbərinə görə, hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Onlar müdafiə etdikləri şəxslərin istintaqa verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyətlərin olduğunu və ittihamı əsassız hesab etdiklərini bildiriblər. Ona görə də məhkəmədən təqsirləndirilən şəxslər barəsində bəraət hökmünün verilməsini istəyiblər.

Məhkəmə prosesi dekabrın 13-nə təyin olunub.

Qeyd edək ki, bu ilin martın 1-də Quba şəhərində baş verən hadisələrə görə tutulan Qəribov Tapdıq Tacı oğlu, Fayizi Səxavət Ağahüseyn oğlu, Yunusov Xəyyam Sahib oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu, İlyasov Rəşad Tahir oğlu, Məhərrəmov Elgün Nadir oğlu, Qəribov Bəhruz Qəribbaba oğlu, Nəcəfi Ələkbər Zülfüqar oğlu və Mürşüdov Rafiq Vahid oğlu Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirlər.

Prokuror məhkəmədən Fayizi Səxavət Ağahüseyn oğlunun 6 il, digər təqsirləndirilən 8 nəfərin isə 5 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Bu gün Quba rayon Məhkəməsində Quba hadisələrində təqsirləndirilən 8 nəfərin cinayət işi üzrə də növbəti məhkəmə prosesi keçirilib. Hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Onlar da ittihamın əsassız olduğu üçün məhkəmənin bəraət hökmünün çıxarılmasını istəyiblər.

Məhkəmə prosesi dekabrın 13-nə təyin olunub.

Qeyd edək ki, bu il martın 1-də Quba şəhərində baş verən hadisələrə görə tutulanlardan Abdurəhmanov Fərhad Nəsib oğlu, Xanmədov Samir Valeh oğlu, Dənyalov Alxas Dənyal oğlu, Talıbov Samir Telman oğlu, Dadaşov Mətləb Valeh oğlu, Çobanov Sərvin Xanlar oğlu, Zakirov Murad Rüstəm oğlu və Ələsgərov Səxavət Şakir oğlu Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda); 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirlər.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Dənyalov Alxas Dənyal oğlu və Talıbov Samir Telman oğluna 6 il, Ələsgərov Səxavət Şakir oğluna isə 5 il 3 ay, qalanlarına isə 5 il müddətinə azadlıqdan məhrumetmə cəza verilməsini istəyib.

Quba rayon Məhkəməsində hakim Fizuli Pənahovun sədrliyi ilə Quba hadisələrində təqsirləndirilən 7 nəfərin işi üzrə növbəti məhkəmə prosesi də bu gün baş tutub. Məhkəmə prosesində hadisə şahidlərinin ifadələri dinlənilib.

Məhkəmə prosesi dekabrın 13-nə təyin olunub.

Qeyd edək ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Əliyev Habil Əhməd oğlu Azərbaycan Cİnayət Məcəlləsinin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

Digər müttəhimlər - Akif Məmmədtağı oğlu Əliyev, Qəribov Səfər Fazil oğlu, Əmiraslanov Zimistan Əkrəm oğlu, Dadaşov Telman Əfqan oğlu, Abdullayev Samir Alim oğlu və Əkbərov Məmmədhəsən Məmmədəli oğlu isə CM-nin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinin tələblərini pozmaqda təqsirləndirilirlər.

Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000-ə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında sonradan iğtişaşla nəticələnən etiraz aksiyası keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR