Azərbaycanda subsidiya verilən əkin sahələrinin süni intellekt vasitəsilə yoxlanılmasına başlanılıb.
"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, peyk vasitəsilə əldə olunan görüntülər süni intellektlə avtomatik təhlil edilir. Sistem koordinatlar əsasında ərazini müəyyənləşdirərək həmin sahədə əkinin olub-olmadığını, əkinin inkişaf fazalarını və mövcud vəziyyətini ilkin olaraq yoxlayır.
Məcnun Məmmədov bildirib ki, bu yoxlamaların nəticələri nəzərə alındıqdan sonra subsidiyaların ödənilməsi həyata keçiriləcək.
Nazir qeyd edib ki, ümumilikdə kənd təsərrüfatı sahəsində süni intellekt texnologiyalarının tətbiqinə başlanılıb. Fermerlər Kənd Təsərrüfatı Nazirliyinin süni intellekt əsaslı xidmətindən istifadə edərək öz bağlarını və əkin sahələrini qeydiyyatdan keçirə, həmin ərazi üzrə suvarma, xəstəliklər və digər məsələlərlə bağlı məlumat əldə edə bilirlər.
Bundan əlavə, fermerlər sistem vasitəsilə məhsullarını hansı bazarlarda sata biləcəkləri, eləcə də həmin bazarlarda məhsulların gündəlik qiymətlərinin necə dəyişdiyi barədə məlumat ala bilirlər.