Bakıda sığorta sahəsində təlim və imtahan səlahiyyətinin alınmasına həsr olunmuş təqdimat keçirilib

Bakıda sığorta sahəsində təlim və imtahan səlahiyyətinin alınmasına həsr olunmuş təqdimat keçirilib
# 06 sentyabr 2012 08:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) Azərbaycan Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Maliyyə Elm Tədris Mərkəzinin (METM) dəstəyi ilə Azərbaycanın sığorta bazarında tətbiq olunması məqsədilə CII-nin («Chartered Insurance Institute») regional səviyyədə təlim və imtahan keçirmək səlahiyyətinin alınmasına həsr olunmuş təqdimat keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən CII-nin Asiya bölgəsinin direktoru cənab Mark Qrinvud (Mark Greenvud) qeyd edib ki, sığorta sektorunun inkişafı üçün əlverişli iqlimə malik olan Azərbaycan bazarı hazırda CII ilə əməkdaşlıq üçün strateji istiqamətdir: «CII öz tərəfindən dünya səviyyəli sığortaçılar və maliyyəçilər sıralarına qoşulmaq üçün unikal imkan yaradır. Bundan əlavə, ARPA ilə birgə CII, regional səviyyədə sığorta və maliyyə sektorlarının iştirakçıları arasında əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcək».

Tədbirdə çıxış edən ARPA-nın Direktorlar Şurasının üzvü Püstə Babayevanın sözlərinə görə, ARPA sığorta şirkətlərində kadr potensialının inkişafına dəstək olmağa hazırdır, sığorta şirkətlərinin mütəxəssislərinin peşəkarlıqlarının artırılmasına yardımçı olmaq, bununla yanaşı həm sığorta sahəsində fəaliyyət göstərən, həmçinin sığorta bazarına gəlmək istəyən yeni kadrların inkişaf etdirilməsində ARPA öz töhfəsini vermək niyyətindədir: «CII ilə əməkdaşlıq nəticəsində ARPA Azərbaycanda sığorta sektorunun daha da təkmilləşdirilməsi istiqamətində yeni imkanlar əldə edib».

Daha sonra M.Qrinvud beş pilləli təlim proqramını təqdim edib ki, bu proqramın birinci pilləsinin həyata keçirilməsinə cari ilin sentyabrın 24-də başlanacaq və bu mərhələ «Ümumi sığorta sahəsində Mükafat» adlı sertifikatlaşdırılmasına həsr olacaq. Bu mərhələdə həyata keçiriləcək təlimlər CII-nin təlim işlərinin iştirakı və ARPA-nın təşkilatçılığı ilə Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Maliyyə Elm Tədris Mərkəzində keçiriləcək.

Tədbir çərçivəsində Maliyyə Elm Tədris Mərkəzi, ARPA və CII arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Qeyd edək ki, CII Böyük Britaniyanın sığorta, habelə maliyyə sektorunda çalışan peşəkarların akkreditivləşdirilməsi ilə məşğul olan ən qabaqcıl şirkətlərdəndir. CII-nin 150-dən çox ölkədə 102 mindən artıq üzvü mövcuddur. ARPA İB-nin aktiv fəaliyyəti nəticəsində CII ilə ARPA arasında rəsmi partnyorluq əlaqələri qurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR