Hadi Rəcəbli Vyaçeslav Fetisov ilə görüşüb

Hadi Rəcəbli Vyaçeslav Fetisov ilə görüşüb
# 26 sentyabr 2014 13:56 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Federasiya Şurasının Sosial siyasət komitəsi sədrinin birinci müavini Vyaçeslav Fetisov ilə görüşüb.

Parlamentdən APA-ya verilən məlumata görə, komitə sədri qonağa Azərbaycanda sosial sahədə qəbul olunmuş qanunlar, gənc ailələr üçün nəzərdə tutulmuş güzəştlər, ölkəmizin səhiyyə və təhsil sistemində həyata keçirilən islahatlar, idmanın inkişafı, icbari tibbi sığorta sisteminə keçid, “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verib.

O qeyd edib ki, Azərbaycanda Moskva Dövlət Universitetinin filialı və Slavyan Universiteti fəaliyyət göstərir: “Ölkəmizdəki dini tolerantlıq bir çox ölkələrə nümunə ola bilər”.

İqtisadi inkişaf barədə danışan Hadi Rəcəbli diqqətə çatdırıb ki, bir çox ölkələrin iqtisadiyyatına ciddi təhlükə yaratmış dünya iqtisadi böhranı demək olar ki, Azərbaycanda hiss olunmayıb: “Bu, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsi idi”.

Qonağa məlumat verilib ki, Azərbaycanda idmanın bir sıra sahələri sürətlə inkişaf edir. Regionlarda 40 müasir Olimpiya Mərkəzi, yeni Gimnastika Mərkəzi tikilib istifadəyə verilib, ölkəmiz 2015-ci il Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşır.

Rusiya Federasiya Şurasının Sosial siyasət komitəsi sədrinin birinci müavini, məşhur hokkey ustası Vyaçeslav Fetisov ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edib. Rusiyada sosial sahənin inkişafı üçün görülən işlərdən danışan qonaq bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. V.Fetisov Azərbaycanın 2015-ci il Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməsini yüksək qiymətləndirib. Azərbaycana uğurlar arzulayan qonaq bildirib ki, yalnız güclü dövlət belə bir tədbiri öz ölkəsində keçirə bilər. Qonaq ölkəmizdə hokkey idman növünün inkişafı üçün əlindən gələn köməyi etməyə həmişə hazır olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və komitənin üzvü Rauf Əliyev iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR