Təhsil İdarəsi: Bakıda fəaliyyəti dayandırılan türk liseylərinin şagirdlərinin yerləşdirilməsi üçün 6 minə qədər yer təqdim olunur

Təhsil İdarəsi: Bakıda fəaliyyəti dayandırılan türk liseylərinin şagirdlərinin yerləşdirilməsi üçün 6 minə qədər yer təqdim olunur
# 01 iyul 2014 13:48 (UTC +04:00)

APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva deyib ki, yerləşdirilmə üçün şagirdlərə və valideynlərə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində yerlər təqdim olunur. Hazırda valideynlərin qəbulu prosesinin getdiyini deyən sektor müdiri qeyd edib ki, qəbul həm Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət vasitəsilə, həm də valideynlərin övladlarının təhsil almaq istədikləri ümumtəhsil məktəblərinə birbaşa müraciət etməsi ilə həyata keçirilir. Onun sözlərinə görə, fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrin şagirdləri qeydiyyata alınacaq, sentyabrdan isə onlar təhsillərini müvafiq məktəblərdə davam etdirəcəklər.

A.Tairquliyeva qeyd edib ki, fəaliyyətinin dayandırılan 11 liseydən yalnız 3-ü Bakı şəhərində yerləşib: “Həmin liseylərdə 1600 şagird (Azərbaycan və rus bölməsi daxil olmaqla) təhsil alıb. Həmin şagirdlərin yerləşdirilməsi üçün şagirdlərə və valideynlərə 6 minə qədər yer təqdim olunur. Təhsil İdarəsinə regionlardan da şagirdlər müraciət edə bilərlər. Onlar özlərinə uyğun və münasib olan məktəblərə müraciət edərək təhsillərini orada davam etdirəcəklər”.

A.Tairquliyevanın sözlərinə görə, bu gün qəbulun ilk günü olduğu üçün hələlik statistika və müraciətlərin forması barədə tam məlumat vermək mümkün deyil. Lakin yaxın günlərdə bütün məlumatlar ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan 3200 şagirdin təhsili ilə 397 müəllim məşğul olub. İyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Təsisçilərin qərarına əsasən, Ağdaş Liseyi, Bakı Liseyi, Dədə Qorqud Liseyi, Qafqaz Gimnaziyası, Gəncə Liseyi, Quba Liseyi, Lənkəran Liseyi, Mingəçevir Liseyi, Sumqayıt Liseyi, Şəki Liseyi, Şirvan Liseyi bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR