“Neftçi” Braziliyadan futbolçu gətirir

“Neftçi” Braziliyadan futbolçu gətirir
# 05 iyun 2014 11:25 (UTC +04:00)

Bakı – APA. “Neftçi” braziliyalı futbolçu Kaue Sesilio da Silvanı heyətinə qatmaq istəyir. Apasport.az saytının xəbərinə görə, braziliyalı dayaq yarımmüdafiəçisi komandadan ayrılacaq Rəşad Sadiqov və hələ də müqavilə bağlamağa razılıq verməyən Erik Ramosun yerinə gətirilir.

Braziliyalı futbolçu hazırda sərbəst oyunçu olduğu üçün bu keçiddə problem yoxdur. 25 yaşlı Kaue iyunun 10-dək, yəni komanda Türkiyəyə hazırlıq keçməyə gedənədək Bakıya gəlməli və burdan “Neftçi” ilə qardaş ölkəyə getməlidir.

San-Paulu şəhərində doğulan qaradərili futbolçu 2009-cu ilə kimi Braziliyada həvəskar klublarda çıxış edib. Onun ilk peşəkar müqavilə bağladığı klub isə “Qama” olub. 2010-cu ildə Portuqaliyanın “Leyşoynş” klubuna keçərək ilk dəfə legioner həyatı yaşayan Kaue bir mövsüm sonra “Olyanense”nin diqqətini çəkib.

Mərkəz yarımmüdafiəçisi 2012-ci ildə Rumıniyanın “Vasluy” klubu ilə müqavilə bağlayıb. Bu ilin yanvarın 28-də “Kayserispor”la 3,5 illiyə müqavilə bağlayacaq Kaue tibbi müayinə zamanı zədəli çıxdığı üçün ona Türkiyə Superliqasında oynamaq qismət olmayıb. Beləliklə, o, mövsümü “Vasluy”da tamamlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR