Gəncədə Azərbaycan-Türkiyə biznes forumu keçirilib - YENİLƏNİB

Gəncədə Azərbaycan-Türkiyə biznes forumu keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 04 noyabr 2013 12:30 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bu gün Gəncə şəhərində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib.

APA-nın Qərb bürosunun məlumatına görə, tədbirdə Azərbaycan və Türkiyə tərəfindən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Forumda çıxış edən Azpromo-nun vitse-prezidenti Vidadi Quliyev Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət və əldə edilmiş nailiyyətlər barədə məlumat verərək, ölkədə həyata keçirilən genişmiqyaslı inkişaf və quruculuq proseslərinə xarici tərəfdaşlar tərəfindən də böyük maraq göstərildiyini bildirib. Azərbaycan-Türkiyə əlaqələrinin dünyada örnək olduğunu qeyd edən V.Quliyev ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

«Türkiyənin müxtəlif dövlət qurumları ilə iqtisadi, regional, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlıq həyata keçirilir və Azərbaycanda bir çox sahələrdə türk şirkətləri, eləcə də Türkiyədə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur. Azərbaycanda və xarici ölkələrdə təşkil edilən konfrans, sərgi və biznes forumlar ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır», - deyən V.Quliyev Azərbaycan-Türkiyə biznes forumu çərçivəsində müzakirə edilən məsələlərin, iş adamları arasında keçirilən ikitərəfli görüşlərin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, iş adamları arasında işgüzar əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini qeyd edib.

Türkiyə İxracatçılar Məclisinin Avrasiya üzrə əlaqələndiricisi Zəfər Ünüvar iki qardaş ölkənin iştirakı ilə növbəti biznes forumun Gəncə şəhərində keçirilməsindən məmnunluğunu ifadə edib, tədbirin Azərbaycan-Türkiyə dostluğu və əməkdaşlığının daha bir nümunəsi olduğunu qeyd edib. Regionun inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirən Z.Ünüvar ölkəmizdəki sürətli iqtisadi inkişafı böyük maraqla izlədiyini qeyd edib, Türkiyə iqtisadiyyatı, Azərbaycanla mövcud iqtisadi əlaqələrin daha da genişlənməsi imkanları barədə məlumat verib.

Azpromo-nun Biznes Məlumat Mərkəzinin direktoru Anar Qasımlı Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib. Tədbir çərçivəsində Türkiyə İxracatçılar Məclisinin fəaliyyətinə dair videoçarx da nümayiş olunub.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR