İƏT ölkələri Əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Fəaliyyət Planını qəbul edib

İƏT ölkələri Əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Fəaliyyət Planını qəbul edib
# 18 iyun 2014 11:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin Bakıda keçirilən ilk iclası bu gün başa çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, iki gün davam edən iclasda Komitəyə 9 üzv ölkənin (Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziya) aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, İƏT-in Katibliyi və tabe təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndələri iştirak edib.

İclasda qeyd olunan Çərçivə sənədinin icrası məqsədilə hazırlanan Fəaliyyət Planının layihəsi geniş və işgüzar müzakirələrdən sonra, iclas iştirakçılarının təklifləri də nəzərə alınmaqla qəbul olunub. Fəaliyyət Planında İƏT-ə üzv ölkələr arasında əməyin təhlükəsizliyi və sağlamlığının inkişafı üzrə 2014-2016-cı illər üçün texniki əməkdaşlıq istiqamətləri (əməyin təhlükəsizliyi və sağlamlığı üzrə göstəricilər, qlobal səviyyədə sistem (GHS), neft-qaz sənayesində, kimyəvi istehsal sahələrində, tikinti sektorunda əməyin təhlükəsizliyi və sağlamlığının inkişafı və s.) əksini tapır. Həmçinin bu illər ərzində üzv ölkələrdə əməyin təhlükəsizliyi və sağlamlığı standartlarının geniş şəkildə tətbiqi, cari il ərzində isə Dövlət Əmək Müfəttişliyi Xidmətləri üçün vahid əməyin təhlükəsizliyi və sağlamlığı anlayışları üzrə tətbiqetmə siyasətlərinin hazırlanması nəzərdə tutulur. Planda əmək bazarı üzrə statistik məlumatların toplanmasının təşkili işlərinin əlaqələndirilməsi (2014-2015-ci illər), miqrant işçilərlə bağlı birgə məlumat bazasının yaradılması (2014-2016-cı illər) da yer alıb.

Bununla yanaşı, Fəaliyyət Planı məhbusların və məcburi köçkünlərin iqtisadi cəhətdən inteqrasiyasına yönələn təlim sistemi (2014-2016-cı illər), işçi hüquqlarının müdafiəsi və əmək bazarı üzrə qanunvericilik (2014-2015-ci illər) sahələrində də əməkdaşlığın həyata keçirilməsini, habelə İƏT-in Əmək bazarı və peşə təlimi mərkəzinin yaradılmasını nəzərdə tutur. Səsləndirilən təkliflərə uyğun olaraq, istehsalat qəzaları ilə bağlı sosial sığorta sisteminin tətbiqi, habelə əmək və məşğulluq problemlərinin həllinə islami prinsiplərdən yanaşma kimi məsələlər də ayrıca bəndlər kimi sənədə daxil edilib. Sənəddə qeyd olunan məsələlərin həlli ilə əlaqədar sponsor tərəflər də müəyyən olunub.

İclas çərçivəsində Malayziya tərəfinin Dövlət Məşğulluq Xidmətləri üzrə Şəbəkəyə dair təqdimatı olub. Tədbirin nəticələri kimi həmçinin İƏT-in Əmək Nazirlərinin növbəti konfransına təqdim olunmaq üçün hesabat və İcra Proqramının layihəsi də nəzərdən keçirilərək qəbul edilib.

Xatırladaq ki, İƏT-in əmək nazirlərinin növbəti konfransı 2015-ci ildə İndoneziyada keçiriləcək. Həmin vaxta qədər İƏT-in Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəyə sədrliyi Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR