Mətbuat Şurasında TBMM deputatı Mehmet Sağlamla görüş keçirilib

Mətbuat Şurasında TBMM deputatı Mehmet Sağlamla görüş keçirilib
# 24 may 2013 17:49 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurasında Türkiyə Böyük Millət Məclisinin deputatı, professor Mehmet Sağlamla görüş keçirilib. Görüşdə MŞ İdarə Heyətinin üzvləri, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, ölkənin bir sıra kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri açaraq türkiyəli qonağı və onu müşayiət edən şəxsləri salamlayıb. O, Azərbaycan və Türkiyə əlaqələrinin tarixinə nəzər salaraq bu kontekstdə fəxr etməli, danışmalı kifayət qədər cəhətlərin olduğuna diqqət yönəldib. Ə.Amaşov deyib ki, sovetlər dönəmi tarixə çevrilənədək Türkiyə dünyanın siyasi xəritəsində yeganə müstəqil türk dövləti idi: “Lakin inanırdıq ki, Azərbaycan və digər türkdilli respublikalar da istiqlaliyyətə qovuşacaqlar. Belə də oldu və bizim azad dövlətimizi dünyada birinci Türkiyə tanıdı. Ötən illər ərzində bu iki dövlət türkdilli xalqların hərtərəfli yaxınlaşmasının təşəbbüskarı kimi çıxış etməklə kifayətlənməyib, konkret addımlarla nümunə göstəriblər”.

Şura sədri xalqlarımızın və ölkələrimizin ortaq dəyərləri olduğu kimi, ortaq problemlərinin də mövcudluğuna diqqəti çəkib. 20 faizi erməni işğalına məruz qalmış Azərbaycanın Qarabağ probleminin Türkiyəni də doğma problem kimi düşündürdüyünü deyərək qardaş dövlətin bu istiqamətdəki səylərinin alqışlara layiq olduğunu vurğulayıb.

Ə.Amaşov bu istiqamətdəki səylərdə Türkiyənin tanınmış millət vəkili Mehmet Sağlamın xüsusi xidmətlərindən danışıb və ona üzərində Azərbaycanın siyasi xəritəsi həkk olunmuş hədiyyəni təqdim edib: “Biz Azərbaycanın xəritəsini belə görmüşük, bu cür görkəminin də şahidi olacağıq”.

M.Sağlam səmimi qəbula və diqqətə görə Şura sədrinə təşəkkürünü bildirib. O, bioqrafıyasından danışarkən vaxtilə təhsil naziri olduğunu, Türkiyə Böyük Millət Məclisinə dörd dəfə ardıcıl seçildiyini deyib. Qonaq bir millət iki dövlət prinsipinin real həyatda əyani nəticələr verdiyini konkret faktlarla əsaslandırıb. Bunun yolunun üç körpüdən - tarixi qaynaqlardan, eyni kökə mənsubluqdan və mədəniyyət körpüsündən keçdiyinin təhlilini verib. Millət vəkili hər istiqamətə dair misallar çəkib. Medianın bu proseslərdə əvəzolunmaz əhəmiyyətə malik olduğunu bildirib. Bu işdə saylarından biri Türkiyədə işıq üzü görmüş “Atilla” jurnalının da səyini əsirgəmədiyini diqqətə çatdırıb. Qonaq yüksək qəhrəmanlıq ənənələrinə malik Maraşdan millət vəkili seçildiyini bildirərək Qarabağ döyüşlərində şücaətləri ilə yadda qalan hər bir azərbaycanlı kimi İbad Hüseynova da xüsusi ehtiramla yanaşıldığını söyləyib: “Qəhrəmanlıq zamana sığmayan örnəkdir. Buna görə də belə bir dərgi çıxarmaq niyyətini yaxından dəstəklədik”.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fazil Qəzənfəroğlu həyatda yaşayan qəhrəmanlara sayğının gənc nəslə örnək olduğunu vurğulayıb: “Əgər xalqa bu potensialın varlığını inandıra bilsək, Qarabağı da azad edəcəyik”.

Qarabağ döyüşlərinin qəhrəmanı İbad Hüseynov və “Atilla” jurnalının baş redaktoru Gülşən Behbud isə millət vəkili Mehmet Sağlama hədiyyələrini təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR