Rusiyalı politoloq: “Zatulin kimi Ermənistana bağlı rusiyalı siyasətçilər Rusiya-Azərbaycan yaxınlaşmasından ciddi narahatlıq duyurlar”

Rusiyalı politoloq: “Zatulin kimi Ermənistana bağlı rusiyalı siyasətçilər Rusiya-Azərbaycan yaxınlaşmasından ciddi narahatlıq duyurlar”
# 01 noyabr 2013 12:54 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. “Moskvadakı “Prezident” otelində keçirilən konfrans Rusiyanın Azərbaycana münasibətdə rəsmi siyasəti ilə bağlı deyil”. Bunu Rusiya Prezident Administrasiyasının işlər idarəsinin balansında olan oteldə keçirilən tədbirdə Azərbaycan əleyhinə bəyanatların səslənməsini APA-ya şərh edən rusiyalı politoloq Sergey Markov deyib. O bildirib ki, həmin oteldə kommersiya tədbirlərinin keçirilməsi mümkündür.

S. Markov qeyd edib ki, MDB Ölkələri İnstitutunun direktoru, sabiq deputat Konstantin Zatulin uzun illərdir Ermənistanla sıx bağlılığı olan şəxsdir: “Mən bu konfransın keçirilməsini onunla əlaqələndirirəm ki, Ermənistan, erməni siyasətçiləri və Zatulin kimi Ermənistana bağlı rusiyalı siyasətçilər Rusiya-Azərbaycan yaxınlaşmasından ciddi narahatlıq duyurlar. Onlar bu yaxınlaşmanı kompensasiya etmək üçün buna qarşı hansısa əks addımlar atmaq yönündə fəal iş aparırlar”.

Politoloq Azərbaycan tərəfinə də cavab olaraq konfrans təşkil etməyi məsləhət görüb.

Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini şərh edən S. Markovun fikrincə, hazırkı mərhələdə Azərbaycan Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonun qaytarılması üçün öz diplomatiyasını və təbliğatını gücləndirməlidir: “Daimi danışıqlar prosesi və daimi dialoq lazımdır. Aydındır ki, yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsini həll etmək kifayət qədər çətindir, lakin işğal altındakı 7 rayonun məsələsində irəliləyiş üçün şans var. Bunun üçün daha fəal diplomatiya tələb olunur”.

Xatırladaq ki, Moskvadakı “Prezident” otelində MDB Ölkələri İnstitutu və Rusiya Erməni İttifaqının təşkilatçılığı ilə Gülüstan müqaviləsinin imzalanmasının 200 illiyi münasibətilə konfrans keçirilib. Beş saata yaxın davam edən tədbirdə Azərbaycana və onun ərazi bütövlüyünə qarşı bəyanatlar səslənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR