ADP: Milli Şuranın yaranması ilə müxalifət partiyaları arasında konfliktin daha da dərinləşməsi prosesi başlayıb

ADP: Milli Şuranın yaranması ilə müxalifət partiyaları arasında konfliktin daha da dərinləşməsi prosesi başlayıb
# 13 iyul 2013 09:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) prezident seçkilərinə partiyanın sədri Sərdar Cəlaloğlunun namizədliyi ilə getməlidir. ADP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə partiya sədrinin birinci müavini Həsrət Rüstəmovun açıqlamasında bildirilib.

H. Rüstəmov deyib ki, ADP-nin prezident seçkiləri ilə əlaqədar mövqeyi həmişə birmənalı olub: «Biz hesab edirdik ki, müxalifət partiyaları vahid siyasi koalisiyada və vahid komanda şəklində seçkilərdə iştirak etməlidir və yalnız bu halda ölkədə seçki yolu ilə hakimiyyətin demokratik qüvvələrin əlinə keçməsinin mümkünlüyünə inandığımızı söyləmişik. Hazırda da bu fikirdəyik ki, müxalifət cəbhəsində yekdillik olmasa, hər hansı dəyişiklikdən söhbət gedə bilməz. Təəssüf ki, bizim iradəmizdən kənarda müxalifətin bir hissəsi koalisiya yaratmağa cəhd etməkdədir və seçkilərə az bir müddət qalmasına baxmayaraq bu cəhdin belə uğurla başa çatacağı sual altındadır. Ən başlıcası isə Milli Şura adı altında toplanan bu siyasi qurumlar Azərbaycan müxalifətinin heç də hamısını təmsil etmirlər və faktiki olaraq müxalifətin birləşməsi şüarı altında ölkənin istiqlaliyyət əldə etməsi və demokratiya uğrunda uzunmüddətli mübarizə aparan siyasi partiyaların arasında konfliktin daha da dərinləşməsi prosesi başlayıb».

H. Rüstəmov qeyd edib ki, ADP sədri Sərdar Cəlaloğlunun Milli Şuradan ciddi cəhdlə kənarda saxlanması layihə müəlliflərinin Azərbaycana faydalı olmayan niyyətlərindən xəbər verir: «Bütün bunlara rəğmən, ADP-nin iki yolu qalır: ya seçkilərdə təkbaşına, öz namizədi ilə iştirak etmək, ya da yeni bir koalisiya quruculuğuna baş vurmaq. İkinci yol partiyadakı uzun müzakirələrdən sonra məqbul hesab edilmir. ADP yetkililəri belə düşünür ki, bütün qüsurlarına baxmayaraq, Milli Şuraya alternativ kimi qəbul oluna biləcək yeni koalisiya ictimai rəydə daha ciddi pərakəndəlik görüntüsü yaradar və gözlənilən məğlubiyyətin “günah keçisi”nə çevrilə bilər. Hazırkı situasiyada ən doğru yolu isə partiyanın İdarə heyətinin əksər üzvləri kimi mən də, ADP-nin öz namizədi ilə seçkilərə qatılmasında görürəm».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR