Çinin Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - FOTO

Çinin Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 16 yanvar 2014 08:43 (UTC +04:00)

Bakı - APA-Economics. Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri Xun Tsuin Bakı Ali Neft Məktəbində (BANM) olub.

Məktəbin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə qonağa BANM-in yaranma tarixi, tələbə qəbulu prosesinin nəticələri, təhsil ocağının əsas hədəfləri haqqında ətraflı məlumat verən rektor Elmar Qasımov bildirib ki, Avropa Kredit Transfer sisteminin şərtlərinə uyğun tədris prosesinin təşkil edildiyi bu ali məktəblə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əməkdaşlıq münasibətləri qurulub ki, bu əlaqələr nəticəsində BANM-də həmin universitetin tədris proqramları tətbiq olunur, eyni zamanda dərslərdə keyfiyyətə nəzarət, imtahanların keçirilməsi və qiymətləndirilməsi prosesi partnyor universitet tərəfindən həyata keçirilir və sonda ali təhsillərini uğurla başa vuran tələbələrə iki diplom - həm BANM-nin, həm də Heriot Vatt Universitetinin diplomları verilir.

Daha sonra E.Qasımov BANM-nin dünyanın tanınmış universitetlərindən birinə çevrilməsi üçün bu istiqamətdə aparılan işlər haqqında qonağa məlumat verərək qeyd edib ki, bu məqsədə nail olmaq üçün ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsi və müasir təcrübələrdən faydalanması olduqca vacib məsələlərdəndir. O vurğulayıb ki, bu baxımdan dünyanın inkişaf etmiş dövlətləri sırasında öncül yerlərdən birini tutan Çin Xalq Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması BANM üçün xüsusi maraq kəsb edir.

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsuin Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir addım olduğunu vurğulayıb. O, bu təhsil ocağının ÇXR-in müvafiq qurumları və bu istiqamətdə fəaliyyət göstərən ali təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Görüşün sonunda səfir Xun Tsuinə BANM-nin “Fəxri qonaq” diplomu verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR