Ann Brassör: “AŞPA ərazi bütövlüyünü müdafiə etmək məsələsində qətiyyətlidir”

Ann Brassör: “AŞPA ərazi bütövlüyünü müdafiə etmək məsələsində qətiyyətlidir”
# 23 iyun 2014 11:57 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Ann Brassör mətbuat konfransı keçirib.

APA-nın Avropa bürosunun müxbiri xəbər verir ki, xanım Brassör AŞPA Bürosunun bugünkü iclası və Assambleyada bu həftə ərzində görüləcək işlər haqda ətraflı məlumat verib.

O, sessiya çərçivəsində “Ukrayna böhranı və bunun siyasi və humanitar nəticələri” mövzusunda müzakirələrin aparılacağını, bildirib. Onun sözlərinə görə, sessiyada Azərbaycanla bağlı da müzakirələr aparılacaq. Sessiyada bu gün xarici işlər naziri Elmar Məmmədyarov, sabah isə Azərbaycan prezidenti İlham Əliyev çıxış edəcək.

Xanım Brassör may ayında Assambleyanın Bürosu və Daimi Komitəsinin Bakıda iclasının keçirildiyini də xatırladıb. O, yenidən Bakıya səfər edəcəyini qeyd edib: “Mənim ölkə prezidenti İlham Əliyevlə çox açıq söhbətim oldu. Azərbaycan prezidenti Assambleyamızda çıxış edəcək. Biz onun çıxışını çox böyük səbirsizliklə gözləyirik. Birmənalı olaraq demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi digər ölkələrdə olduğu kimi, prioritet təşkil edən məsələlərdəndir. Bizim bununla bağlı qəbul etdiyimiz məlum qətnaməmiz də onu göstərir ki, AŞPA ərazi bütövlüyünü müdafiə etmək məsələsində qətiyyətlidir. Həmçinin ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini də lazımı islahatların sürətləndirilməsi üçün fürsət kimi dəyərləndiririk. Bu islahatların aparılması, xüsusi ilə də ifadə və mətbuat, sərbəst toplaşma azadlığı kimi məsələlərin həllinin sürətləndirilməsi Avropa Şurasının tələblərini yerinə yetirmək baxımından olduqca vacib məsələdir”.

Ann Brassör Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təklif etdiyi “Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi” haqqında sənədə də münasibət bildirib: " Bizdən istənilən odur ki, Ermənistana qarşı sanksiyalar tətbiq edək. Amma bu təklifdə konkret olaraq Ermənistan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması məsələsinə toxunulmayıb. Bu məsələ bizim Büromuzun sessiyanın son günü keçiriləcək iclasında müzakirə olunacaq. İndidən bu haqda bir söz deyə bilmərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR