“Müasir oftalmologiyanın problemləri və son nailiyyətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“Müasir oftalmologiyanın problemləri və son nailiyyətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
# 28 aprel 2014 09:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Müasir oftalmologiyanın problemləri və son nailiyyətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, respublikanın baş oftalmoloqu Elmar Qasımov bildirib ki, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun tarixi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın adı ilə sıx bağlıdır. Onun sözlərinə görə, gənc alim Zərifə Əliyeva traxomanın müalicəsi üzrə dissertasiya müdafiə etdikdən sonra elmi işçi kimi Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda çalışmağa başlayıb. Daha sonra Zərifə Əliyevanın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının professoru və kafedra müdiri vəzifəsində çalışdığını deyən E. Qasımov qeyd edib ki, akademik daha sonra da Oftalmologiya İnstitutunu unutmayıb və Bakıda müasir Oftalmoloji Mərkəzin yaradılması üçün səy göstərib: “Zərifə xanımın çox zəngin və şaxəli elmi, kliniki fəaliyyəti olub. Onun hər biri elmi istiqamət, elmi əsərlərlə tamamlanır. O, 200-dən artıq elmi əsərlərin müəllifidir ki, onlardan da 15-i monoqrafiyadır. Zərifə Əliyevanın bütün fəaliyyəti Azərbaycanda oftalmologiyanı inkişaf etdirmək üçün olub, bu sahənin əsl fədaisi olaraq bu elmi yüksəklərə qaldırıb”.

Bəzi statistik məlumatları nəzərə çatdıran E. Qasımov əlavə edib ki, 2013-cü il ərzində Milli Oftalmologiya Mərkəzinə 108 025 xəstə daxil olub, 8573 nəfər stasionardan keçib. Masallı filialında da 6 minə yaxın xəstə qəbul edildiyini deyən mərkəz direktoru vurğulayıb ki, onlardan 2 minə yaxını əməliyyat olunub. Səyyar klinika vasitəsilə 2500 xəstəyə baxış keçirilib və 200 nəfər əməliyyat edilib: “Son onilliklərdə oftalmologiya dinamik inkişafda olan tibb sahələrindən biridir. Biz həm diaqnostika metodlarının sürətlə təkmilləşməsi, həm də yeni cərrahi və farmakoloji müalicə vasitələrinin oftalmoloji praktikaya tətbiqinin şahidiyik. Bu tərəqqi ilə ayaqlaşmaq üçün oftalmologiya sahəsində nəşr edilən tibbi dərsliklərin, həkimlər üçün vəsaitlərin hər 5-6 ildə yenilənməsinə ehtiyac var”.

Tədbirin davamında çıxış edən akademik Zərifə Əliyevanın tələbəsi Rauf Hacıyev, rusiyalı alim İqor Karnelovskiy və digər qonaqlar onunla bağlı xatirələrini bölüşüb, Azərbaycan oftalmologiyanın inkişafı sahəsində görülən işləri yüksək qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR