Rusiyada 14 yaşlı azərbaycanlını döyərək kor edən şəxs saxlanılıb

Rusiyada 14 yaşlı azərbaycanlını döyərək kor edən şəxs saxlanılıb
# 05 noyabr 2013 15:01 (UTC +04:00)

Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov məlumat verib.

E. Səmədov bildirib ki, noyabrın 1-də Zelenoqrad şəhərində, 12 saylı avtobusda 1999-cu il təvəllüdlü azərbaycanlı Rövşən Müzəffər oğlu Kazmovu vəhşicəsində döyən şəxs, 1993-cü il təvəllüdlü Lısakov Mixail Valerieviç artıq polis tərəfindən saxlanıb. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 116.2-ci (Xuliqanlıq məqsədilə döymə) maddəsi əsasında cinayət işi açılıb, araşdırma aparılır. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçilməsinə baxacaq.

E. Səmədov baş verən hadisənin Azərbaycanın Rusiyadakı səfirliyinin və Daxili İşlər Nazirliyinin nəzarətində olduğunu söyləyib: “Sabahdan səfirliyimiz tərəfindən zərərçəkən Rövşən Kazımov vəkillə təmin olunacaq”.

Qeyd edək ki, noyabrın 1-də Moskva vilayətinin Zelenoqrad şəhərində 12 saylı avtobusda insident baş verib. 14 yaşlı azərbaycanlı, əlil Rövşən Kazımov irqçi rus tərəfindən vəhşicəsinə döyülüb. Nəticədə xəsarət alan R. Kazımov Moskvanın Morozovsk uşaq xəstəxanasının göz cərrahiyyəsi bölməsinə yerləşdirilib. Həkimlər ona kəllə-beyin və göz travması diaqnozu qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR