Baş Prokurorluğun iki şəxsi qətlə yetirməkdə təqsirləndirilən qadın barəsində hökmdən verdiyi apellyasiya protesti təmin olunub

Baş Prokurorluğun iki şəxsi qətlə yetirməkdə təqsirləndirilən qadın barəsində hökmdən verdiyi apellyasiya protesti təmin olunub
# 14 fevral 2013 14:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində iki qohumunu qətlə yetirməkdə təqsirləndirilərək 7 il axtarışda olan Raina Əhmədovanın apellyasiya şikayəti və Baş Prokurorluğun onun barəsində olan hökmdən verdiyi apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorluğun protesti təmin olunaraq R. Əhmədova barəsində olan hökm dəyişdirilib. Yeni qərara görə, R. Əhmədovanın barəsində 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilən R. Əhmədova həyat yoldaşı Nazim Acalovla birlikdə 2003-cü il aprelin 2-də 31 yaşlı Gürcüstan vətəndaşı Ramin Askarov və onun anası, 54 yaşlı Göyçək Askarovanı qətlə yetirərək yandırmaqda təqsirləndirilir. Araşdırmalar zamanı müəyyən edilib ki, Raina Əhmədova borclu olduğu pulu ödəmək istəməyib, bu səbəbdən də qohumu Ramin Askarovu öldürmək qərarına gəlib. O, Ramin Askarovu və anasını boğaraq qətlə yetirib, daha sonra isə izi itirmək üçün cəsədi əri ilə birlikdə yandırıb. Uzun müddət Türkiyədə gizlənən Raina Əhmədova Türkiyənin Samsun şəhərində yaxalanıb. O, 2010-cu il martın 18-də Türkiyədən Azərbaycana gətirilib.

Raina Əhmədovanın həyat yoldaşı Nazim Acalov 2009-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR