Təhsil Nazirliyi Abşeron rayonundakı orta məktəbdə xadimə işləmiş qadının müraciətini araşdırır

Təhsil Nazirliyi Abşeron rayonundakı orta məktəbdə xadimə işləmiş qadının müraciətini araşdırır
# 06 may 2015 14:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Abşeron rayonunun Çaylı kənd sakini Arzu Rüstəmovanın şikayəti ilə əlaqədar məsələyə dair açıqlama yayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Arzu Rüstəmovanın şikayəti ilə əlaqədar təhsil nazirinin göstərişinə əsasən, nazirliyin əməkdaşları Abşeron Rayon Təhsil Şöbəsində olub. Şöbə müdirinin, Çaylı kənd məktəbi direktorunun və A. Rüstəmovanın iştirakı ilə görüş keçirilib. Görüşdə A. Rüstəmovanın işdən çıxarılmasının səbəbləri və onun xahişinə əsasən övladının liseyə qəbuluna köməklik göstərilməsi məsələləri müzakirə olunub.

A. Rüstəmovaya övladının arzu etdiyi liseyə qəbuluna yardım olunacağı bildirilib. Görüşdə A. Rüstəmovanın tutduğu vəzifədən azad olunması ətrafında söhbət aparılıb və onun şikayətinə birtərəfli mövqedən yanaşılmaması üçün müəyyən araşdırmaların aparılacağı qeyd olunub.

Araşdırılma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat veriləcək.


Qeyd edək ki, həmin kəndin orta məktəbində xadimə işləmiş A. Rüstəmova qanunsuz olaraq, işdən çıxarıldığı iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR