“Coğrafiya və təbii resurslar” jurnalının təqdimatı keçirilib

“Coğrafiya və təbii resurslar” jurnalının təqdimatı keçirilib
# 08 aprel 2015 10:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Coğrafiya Cəmiyyəti və Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Coğrafiya və təbii resurslar” elmi-kütləvi jurnalının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasimdə coğrafiyaçı alimlərlə yanaşı, əlaqədar müəssisə və təşkilatların nümayəndələri iştirak edirdilər.

Tədbirdə institutun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, iqtisadiyyatın və sosial həyatın hər bir sahəsində coğrafi məlumatlara ehtiyac duyulur. Coğrafiya elminin nailiyyətlərindən istifadə etdiyini söyləyən R.Məmmədov coğrafiyaçı alim və mütəxəssislər tərəfindən çoxlu sayda kitab və monoqrafinın, məqalənin yazılmasına baxmayaraq, indiyə kimi Azərbaycanda elmin bu sahəsinin özünün dövri mətbuat orqanının olmadığını diqqətə çatdırıb. O, Azərbaycanın coğrafiyası və ona yaxın elm sahələrində çalışan alim və mütəxəssislərin ən yeni elmi nailiyyətlərini özündə əks etdirən bu jurnalın işıq üzü görməsini müsbət qiymətləndirib. Jurnala coğrafiya elminin bütün sahələrinə - landşaftşünaslıq, geomorfologiya və paleocoğrafiya, iqlimşünaslıq, hidrologiya, torpaq coğrafiyası, biocoğrafiya və ekocoğrafiya, iqtisadi və sosial coğrafiya ilə yanaşı, Xəzər dənizinin coğrafi problemləri, coğrafi təhsilə aid bölmələr daxil edilib. Nəşrdə, həmçinin yubiley və konfranslar haqqında məlumat yer alır: “İnanırıq ki, yenicə işıq üzü görən “Coğrafiya və təbii resurslar” jurnalı tədqiqatçı coğrafiyaşünas alimlərin, müəllim və tələbələrin, elmi yeniliklərin istehsalatda tətbiqində maraqlı olan iş adamlarının, mütəxəssislərin, ümumiyyətlə, geniş oxucu kütləsinin marağına səbəb olacaq".

İnstitutun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov bildirib ki, jurnalın redaksiya heyətinə AMEA alimləri ilə yanaşı, respublikanın tanınmış tədqiqatçı və pedaqoqları cəlb edilib.

Sonda jurnalla fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR