Lənkəran teatrında üç yeni tamaşanın məşqlərinə başlanıb

Lənkəran teatrında üç yeni tamaşanın məşqlərinə başlanıb
# 03 noyabr 2014 18:07 (UTC +04:00)

Bu barədə APA-nın cənub bürosuna teatrın direktoru Tofiq Heydərov məlumat verib.

Onun sözlərinə görə, ölməz Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri teatrın baş rejissoru Tural Mustafayevin yozumunda səhnə təcəssümü tapacaq. Hazırda qızğın məşqləri gedən tamaşada əsas rollarda əməkdar artist Sucəddin Mirzəyev, Aynur Əhmədova, Tərlan Abdullayev, Təranə Fərəcova, Gülər Kərimova, Şəbnəm Hüseynova və digərləri iştirak edirlər.

Teatrda məşqlərinə başlanılan ikinci tamaşa özbək yazıçısı Şərəf Başbəyovun “Dəmir qadın” əsəri əsasında hazırlanır. Bu tamaşaya quruluşu əməkdar artist Adil Zeynalov verir. Premyerası dekabr ayının ortaları üçün nəzərdə tutulmuş səhnə əsərində əməkdar artist Sucəddin Mirzəyev, aparıcı aktyorlardan Qızılgül Quliyeva, Əlibala Əsgərov, Miraslan Ağayev, Niftulla Əsgərov, Aynur Əhmədova və digərləri rol alıblar.

Məktəbli tamaşaçılar üçün nəzərdə tutulmuş üçüncü səhnə əsəri olan “Əlibala və qırx quldur” nağıl-pyesinin quruluşçu rejissoru Əlibala Əsgərov, rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Tamaşada əsas rolları aktyorlardan Əli Rəhimli, Şəbnəm Hüseynova, Emin Fərzullayev, Niftulla Əsgərov, Hikmət Cəfərov və başqaları canlandırırlar. Tamaşa növbəti ayın ortalarında nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR