Nərgiz Paşayeva 47-ci Beynəlxalq Kimya Olimpiadasını açıq elan edib

Nərgiz Paşayeva 47-ci Beynəlxalq Kimya Olimpiadasını açıq elan edib
# 21 iyul 2015 09:08 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimində çıxışı zamanı deyib.

Qonaqları salamlayan professor N. Paşayeva bildirib ki, Olimpiadanın obyektiv və əzəmətli keçirilməsi üçün hər cür şərait yaradılıb: “Əziz uşaqlar, Olimpiadanın şərtlərinə uyğun olaraq sizi müsabiqə, həqiqi yarış və əlbəttə ki, həyəcan dolu saatlar, anlar gözləyir. Şübhə etmirəm ki, sizlər artıq kimya elminə aid olan biliklərə yiyələnmiş, sağlam rəqabətə, həqiqi sınaqlara hazır olan gənclərsiniz. Əmin olun ki, bizim ölkədə olduğunuz müddət Azərbaycan, Bakı şəhəri, universitetimiz müvəqqəti olaraq sizin evinizə çevriləcək. Ümidvaram ki, bu evin qonaqpərvərliyini, insanpərvərliyini, xeyirxahlığını bizimlə birgə olduğunuz hər bir an hiss edib, duyacaqsınız. Müsabiqənin obyektiv, əzəmətli, yarış məkanının doğru, şəraitin tam uyğun olması üçün əlimizdən gələni əsirgəməmişik. Çünki sizin arzularla bizim arzular, sizin ümidlərlə bizim ümidlər, sizin tələblərlə bizim tələblər ayrılmazdır və bir vəhdət təşkil edir. Siz, gələcəyin kimyaçı alimləri, qəlbinizdə daim dərk etmək, kəşf etmək hünərini, icad etmək ehtirasını, alovunu daşımalısınız. Bu istək, bu alov və bu həvəs heç zaman zəifləyib, sönməməlidir. Bəşəriyyət addım-addım, mərhələ-mərhələ mövcud aləmi, dünyanı, təbiəti, kainatı öyrənməyə, izah etməyə can atıb, çalışıb və həmişə çalışacaq. Uğurlu gələcəyin saf qəlbli və aydın zəkalı insanlardan – alimlər ordusundan asılı olduğuna şübhə etməyin. Şübhə etməyin ki, kəşf edilməmiş mətləblər, bu gün elm üçün sirr olan məqamlar sizin təqdimatınızı gözləyir”.

47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti qeyd edib ki, “Həyat sanki böyük bir kimya laboratoriyasıdır” müsabiqənin şüarı seçilib: “Bu gün hamımız anlayırıq ki, planetimiz o qədər də böyük deyil. Məhz bu səbəbdən Bakı Olimpiadasının şüarını – “Həyat sanki böyük bir kimya laboratoriyasıdır” – deyə seçdik. Bu laboratoriyanın böyük bir hissəsi canlı təbiətdən – bizi yaradan və yaşadan təbiətdən ibarətdir. Təbiəti qorumaq gözəlliyi qorumaq deməkdir. Gözəlliyi qorumaq həqiqəti qorumaq deməkdir. Həqiqəti qorumaq mənəviyyatı qorumaq deməkdir. Mənəviyyatı qorumaq isə bəşəriyyəti qorumaq deməkdir. Sizlər bu dəyərlərin daşıyıcıları olmalısınız. Çünki bu dəyərlər olmadan biliklər mənasız, elm məhdud və aciz, bəzən isə təhlükəli ola bilər. Səxavətli, xeyirxah, geniş, humanist ürək və mərd, işıqlı, istedadlı zəka – budur ideal! Dahi yazıçı Hötenin dediyi kimi, “elm bütün insanlara mənsubdur və elmin milliyyəti olmur”. Bu gün bu zalda 75 ölkəni təmsil edən 75 komanda əyləşib. Hər bir komandanın üzvləri daxilən və zahirən müxtəlif, ayrı-ayrı dillərdə danışan və müxtəlif ənənələrə bağlı olan insanlardır. Bu gün bizi bir araya gətirən, birləşdirib bir komanda edən əvəzsiz amil göz qabağındadır. Məhz bu amil bizi bir ölkənin, sərhədsiz məmləkətin, ümumi məmləkətin vətəndaşlarına çevirir. Bu məmləkətin adı isə elm, təhsil və mədəniyyətdir. Bu məmləkət sarsılmaz məmləkətdir. Bu məmləkətin bayrağı işıq, yəni günəş, himni quşların, bülbüllərin nəğməsi, nişanəsi isə həyatın, varlığın özüdür. Bir daha sevgi dolu ürəklə sizi salamlayır, gənc iştirakçılara uğurlu nəticələr, maraqlı anlar, xoş əhval-ruhiyyə, həvəs, səbir və daxili inam arzulayıram. 47-ci Beynəlxalq Kimya Olimpiadasını açıq elan edirəm!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR