Şahin Abdullayev: “Azərbaycanın Misirdəki səfirliyi tam tərkibdə fəaliyyətini davam etdirir”

Şahin Abdullayev: “Azərbaycanın Misirdəki səfirliyi tam tərkibdə fəaliyyətini davam etdirir”
# 10 iyul 2014 15:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Hazırda Misirdəki səfirliyimiz 4 diplomatla fəaliyyətini davam etdirir. Biz tam tərkibdə fəaliyyətimizi davam etdiririk”. Bunu APA-ya açıqlamasında Azərbaycanın Misirdəki Şahin Abdullayev deyib.

Onun sözlərinə görə, indi hamı Misirdəki vəziyyətin müsbət məcraya yönəlməsini gözləyir. Artıq prezidentin seçildiyini və hökumətin formalaşdığını deyən səfir qeyd edib ki, hazırda ölkədə parlament seçkilərinə hazırlıq gedir. Bununla əlaqədar ölkədə siyasi gərginliyin davam etdiyini deyən diplomatın sözlərinə görə, müxtəlif siyasi qruplaşmalar yaranır ki, parlamentdə üstünlük əldə etsinlər və sonradan hökuməti yeni konstitusiya əsasında formalaşdırsınlar: “Düşünürəm ki, ölkədə təhlükəsizliyin təmin olunması bir nömrəli məsələdir. Misir hökuməti də bu sabitliyə çalışır”.

Diplomat Misir-Azərbaycan əlaqələrinin yüksək inkişaf səviyyəsinə malik olduğunu deyib. Misirin Azərbaycanla iqtisadi əlaqələrinə diqqət çəkən səfir qeyd edib ki, neft sahəsində əməkdaşlıq ötən müddət ərzində davam edib: “Azərbaycan tərəfi səmərəli əməkdaşlıq edir və Misirin ehtiyacı olduğu neft və neft məhsullarını təqdim edir. Digər tərəfdən, əczaçılıq sahəsində əməkdaşlıq edilir. Misirdən Azərbaycana dərman idxal olunur. İki dövlət arasında ticarət dövriyyəsi hər il 15-25 milyon dollar təşkil edir. Amma yeni layihələr var ki, bunlarında gələcəkdə reallaşdırılması planlaşdırılır. Hazırda tikinti, nəqliyyat sahələrini əhatə edəcək layihələr də nəzərdə tutulur”.


Ş.Abdullayev qeyd edib ki, Misirdə təxminən qeydiyyatda olan 70-ə yaxın azərbaycanlı yaşayır. Bunun sadəcə rəsmi qeydiyyatda olan həmyerlilərimiz olduğunu deyən səfir hesab edib ki, onların sayı daha çoxdur: “Çünki səfirlikdə qeydiyyatda olmayan və başqa şəhərlərdə yaşayan azərbaycanlılar da var. Bir sıra həmyerlilərimiz ehtiyac olmadığı təqdirdə Misirdə qeydiyyata düşmür və səfirliyə müraciət etmir. Lakin hər bir azərbaycanlının probleminə diqqətlə yanaşmalıyıq və bu, bizim işimizdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR