Şamaxının daha iki kəndi qazlaşdırılıb

Şamaxının daha iki kəndi qazlaşdırılıb
# 02 may 2015 14:33 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Şamaxı rayonunun Nüyüdü və Şağyan kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

117 abonenti olan Nüyüdü kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 10 min 733 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 117 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 150 abonenti olan Şağyan kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 12 min 100 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 150 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimdə çıxış edən R. Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edilib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur. R. Abdullayev ölkənin qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR