Prezident İlham Əliyev İtaliya Silahlı Qüvvələri Baş Qərargah rəisini qəbul edib

Prezident İlham Əliyev İtaliya Silahlı Qüvvələri Baş Qərargah rəisini qəbul edib
# 18 iyul 2012 15:39 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev İtaliya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Biacio Abrateninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın “AzərTAc”a istinadən yaydığı məlumata görə, dövlət başçısı Azərbaycan ilə İtaliya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. İkitərəfli münasibətlərimizin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana ilk səfərinin bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmli olacağına ümidvar olduğunu bildirib.

İtaliya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Biacio Abrateni Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Əfqanıstandakı Beynəlxalq Sülhməramlı missiyanın tərkibində İtaliya hərbçilərinin Azərbaycanın sülhməramlıları ilə birlikdə uğurlu əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Görüşdə ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR