Tanınmış polşalı rejissor Kşiştof Zanussi Akademik Milli Dram Teatrında tamaşa qoyacaq

Tanınmış polşalı rejissor Kşiştof Zanussi Akademik Milli Dram Teatrında tamaşa qoyacaq
# 19 iyul 2012 08:35 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Gənc kinorejissorlara ustad dərsləri keçmək üçün Bakıya dəvət olunan görkəmli Polşa rejissoru Kşiştof Zanussinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Nazirlikdən APA-ya verilən məlumata görə, çox vacib missiya ilə Bakıya səfər etdiyinə görə K. Zanussiyə təşəkkürünü bildirən nazir, gənc kinematoqrafçılarımızın dünya kino mədəniyyətinə yiyələnməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanda mədəniyyətin, o cümlədən kino sənətinin inkişaf etdirilməsi sahəsində dövlət tərəfindən görülən işlər və kinonun maddi-texniki bazasının yeniləşdirilməsi, çəkilən filmlərin sayının artması, kadr ehtiyatının cavanlaşdırılması haqqında ətraflı məlumat verib.

Ə. Qarayevin bu ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan II Beynəlxalq Teatr Forumuna dəvətini qəbul edən Kşiştof Zanussi, keçdiyi ustad dərslərinin gənclərin peşəkarlıq baxımından püxtələşməsinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib, məşğələlərin yaxın gələcəkdə Varşavada davam etdirilməsini təklif edib. Görüş zamanı teatr məsələlərinə də toxunan qonaq bu günlərdə Akademik Milli Dram Teatrında baxdığı, xalq yazıçısı Elçinin pyesi əsasında səhnələşdirilən "Şekspir" tamaşası və tamaşanın aktyor heyəti ilə söhbətləri haqqında təəssüratlarını bölüşüb. K. Zanussinin Akademik Milli Dram Teatrında özünün "Hübris" pyesinə quruluş verməsi ilə bağlı razılıq əldə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR