İran xarici işlər naziri BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

İran xarici işlər naziri BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi ilə görüşüb
# 15 oktyabr 2012 08:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranda səfərdə olan BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Əhzar İbrahimi ilə bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi arasında görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Suriyadakı böhran və bu problemdən çıxış yolları əsas müzakirə mövzusu olub. Görüşdən sonra tərəflər mətbuat konfransı keçiriblər.

Ə. Salehi Ə. İbrahiminin beynəlxalq problemlərin həll edilməsindəki təcrübəsinə toxunaraq, bölgə və digər ölkələrin yardımı və əməkdaşlığı sayəsində Suriyadakı problemin sülh yolu ilə nizamlanmasını xahiş edib. O, Suriya probleminin həlli üçün qeyri-rəsmi görüş və təkliflərini özündə əks etdirən planı Ə. İbrahiminin yanında Türkiyə, Misir, Suriya və Səudiyyə Ərəbistanına təqdim etdiklərini deyərək bildirib ki, Suriyadakı böhran sülh yolu ilə və bu ölkənin xalqı tərəfindən nizamlanmalıdır.

Ə. Salehi vurğulayıb ki, Suriya xalqının da digər xalqlar kimi, azadlıq, seçki və konstitusiya daxil olmaqla bütün tələbləri yerinə yetirilməlidir. Onun sözlərinə görə, Suriyada əsas prioritet axan qanın dayanmasıdır: “Çünki mövcud vəziyyətin nə Suriya, nə bölgə ölkələri, nə də dünya ictimaiyyəti üçün faydası yoxdur. Suriyadakı qarşıdurma və axan qanın durdurulması üçün hamımız əl-ələ verməliyik. Digər məsələlər yalnız bundan sonra müzakirə oluna bilər”. Ə. Salehi Ə. İbrahimi və BMT-nin Suriyadakı böhranının nizamlanması üçün təsirli addımlar ata biləcəyini, İranın da bu məsələdə əməkdaşlığa hazır olduğunu söyləyib.

Ə. İbrahimi isə öz növbəsində İranın fikir və təkliflərinin Suriyadakı problemin sülh yolu ilə həllində təsirli ola biləcəyini bildirib. BMT və Ərəb Liqasının Suriyadakı böhranın bir an əvvəl həll edilməsini istədiyini deyən Ə. İbrahimi bunun üçün hər cür köməyə hazır olduqlarını söyləyib. Onun sözlərinə görə, Suriyada axan qanın qarşısının alınması üçün bütün ölkələr əməli addımlar atmalıdırlar: “Bütün fikir və düşüncələri bir araya gətirib, Suriya xalqının qorxusuna son verməli və onların mənfəətlərini qorumalıyıq”. Ə. İbrahimi həmçinin Suriya xalqının fikir və düşüncələrinə də əhəmiyyət verdiklərini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR