Bakıda Kəşmir münaqişəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakıda Kəşmir münaqişəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib
# 24 oktyabr 2012 10:44 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Bakıda Kəşmir münaqişəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, toplantıda Pakistanın Azərbaycandakı səfiri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları 27 oktyabr tarixinin bütün dünyada Jammu və Kəşmir xalqının Matəm günü kimi qeyd etdiklərini diqqətə çatdırıblar.

Toplantıda çıxış edən millət vəkili Musa Quliyev Pakistan-Azərbaycan dostluq əlaqələrindən danışıb və xalqımızın bu əlaqələri yüksək qiymətləndirdiyini deyib. Xalqlarımızı birləşdirən bir çox cəhətlərin olduğunu vurğulayan millət vəkili, Kəşmir və Qarabağ problemlərinin oxşarlığından, onların həlli yollarından danışıb.

Millət vəkili Qənirə Paşayeva Pakistanın ölkəmizin müstəqilliyinin tanıyan ikinci dövlət olduğunu deyib və Dağlıq Qarabağ münaqişəsinə görə, Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etdiyini xatırladıb. Pakistan parlamentində Xocalı soyqırımını tanıyan və pisləyən qətnamənin qəbulu və bir sıra müsbət əlaqələrdən danışan Q. Paşayeva BMT və digər təşkilatların Azərbaycan və Pakistanın problemlərinə biganə yanaşmasını tənqid edib.

Pakistanın Azərbaycandakı səfiri İnayətullah Kakar isə çıxışında Kəşmir problemi haqqında ətraflı məlumat verərək bildirib ki, Hindistan Silahlı Qüvvələrinin Kəşmiri işğal etməsi nəticəsində 100 mindən çox insan qətlə yetirilib. Səfir eyni zamanda Azərbaycan-Pakistan əlaqələrindən məmnunluğunu ifadə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR