«Azerfon» şirkətinin yeni baş ofisinin rəsmi açılış mərasimi keçirilib

«Azerfon» şirkətinin yeni baş ofisinin rəsmi açılış mərasimi keçirilib
# 09 oktyabr 2012 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkətinin («Nar Mobile» ticarət nişanı) yeni baş ofisinin rəsmi açılış mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «Azerfon» şirkətinin rəhbəri Yurgen Pitz qeyd edib ki, yeni ofisdə ən son texnologiyalardan istifadə olunur və hazırda burada 600 işçi çalışır. Ölkənin İKT sektorunun sürətlə inkişaf etdiyini bildirən Y.Pitz onu da vurğulayıb ki, «Azerfon» şirkəti də bu sektorun inkişafına öz töhfəsini verir: «Son bir ildə biz şəbəkəmizin təkmilləşdirilməsinə 70 mln. manat vəsait yatırmışıq. Bizim gənc mobil rabitə operator olduğumuza baxmayaraq, abunəçilərimizin sayı 2,2 mln-a çatıb».

Y.Pitz şirkətin göstərdiyi xidmətlərdən, o cümlədən 3G xidməti, onun metro stansiyalarında tətbiqi, şirkətin göstərdiyi xidmətlərdən təyyarələrdə istifadə və s. danışıb və qeyd edib ki, gələcəkdə xidmətlərin sayı daha da genişləndiriləcək.

Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, hazırda Azərbaycan İKT sahəsinin inkişafına görə təkcə Cənubi Qafqaz regionunda deyil, həmçinin postsovet məkanında və Qərbi Avropa regionunda lider ölkələrdən sayılır: «Bu sahədə görülən işlər Azərbaycanı cəlb edən, arzuolunan və tərəfdaş ölkəyə çevirir».

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov «Azerfon» şirkətinin qısa bir müddət ərzində əldə etdiyi nailiyyətlər və göstərdiyi xidmətləri yüksək qiymətləndirib və ümumiyyətlə ölkədə son illər ərzində İKT sahəsinin dinamik inkişafından danışıb.

İ.Məmmədov onu da qeyd edib ki, ilin sonunda ölkədə mobil «elektron imza»nın verilməsinə başlanacaq və bununla da Azərbaycanda göstərilən elektron xidmətlərin imkanları genişləndiriləcək.

Qeyd edək ki, «Azerfon» şirkəti 2007-ci ilin mart ayından fəaliyyət göstərir. Şirkətin yeni ofisi Heydər Əliyev prospekti,106 ünvanında yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR