“Səba” şirkəti məhsulun maya dəyərini aşağı salmaqla bazara çıxardığı toyuq ətinin qiymətini endirməyi hədəfləyib - FOTOSESSİYA

“Səba” şirkəti məhsulun maya dəyərini aşağı salmaqla bazara çıxardığı toyuq ətinin qiymətini endirməyi hədəfləyib - <font color=red>FOTOSESSİYA</font>
# 21 sentyabr 2012 07:30 (UTC +04:00)
Bəslədiyi toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alan şirkət dən qarğıdalının yetişdirilməsinə başlayıb. APA-nın məlumatına görə, Ağsunun Ləngəbiz kəndindəki 320 hektarlıq qarğıdalı sahəsində biçin başlanılıb.

Bununla bağlı şirkətin təşkilatçılığı ilə həmin kənddə keçirilən mətbuat konfransında “Səba” İstehsalat Müəssisəsinin baş direktoru Zakir Əzimov, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, “Qarabağ-taxıl” MMC-nin direktoru Rəcəb Orucov çıxış ediblər. Məlumat verilib ki, “Səba” şirkətinin layihəsi əsasında Ağsu və Kürdəmirdə 400 hektar sahədə qarğıdalı əkinini həyata keçirən “Qarabağ-taxıl” MMC bu il ümumilikdə 5 min ton məhsul əldə etməyi planlaşdırır.

Bildirilib ki, “Səba” digər quşçuluq təsərrüfatlarından fərqli olaraq özü üçün ilk dəfə yem istehsalına başlamaqla məhsulun maya dəyərini aşağı salmağı və bazarda “Səba” brendi altında satışa çıxarılan toyuq ətinin qiymətini endirməyi hədəfləyib. Müəssisə qarğıdalı əkinini boş və istifadəsiz qalan torpaqlarda həyata keçirib. Şirkət əvvəlcə ərazidə süni yağış yağdırma aqreqatları quraşdırmaqla müasir suvarma sistemi yaradıb ki, bu da su itkisinə səbəb olan səthi suvarmadan 2 dəfə sərfəlidir. Qarğıdalı sahəsinin gübrələnməsi üçün “Səba” müəssisəsinin yetişdirdiyi quşların peyinindən istifadə olunur ki, bu da tullantılardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və bitkinin təbii üsulla gübrələnməsi baxımından əlverişlidir.

Zakir Əzimov bildirib ki, bu il əldə olunacaq 5 min ton məhsul “Səba” toyuqlarının qarğıdalı dəninə olan illik tələbatının tam yarısını təşkil edir və gələn il quşların qarğıdalı, buğda və günəbaxan tumuna olan tələbatının böyük bir hissəsini şirkət öz əkinləri hesabına təmin edəcək.
“Qarabağ-taxıl” MMC-nin direktoru Rəcəb Orucov qeyd edib ki, Ağsu və Kürdəmirdə indiyədək qarğıdalı sahəsində belə yüksək məhsuldarlıq əldə edilməyib. Bu ilin aprelində ABŞ-ın “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun səpini həyata keçirilib və hazırda biçin aparılan sahənin hər hektarından 130-140 sentner dən qarğıdalı məhsulu götürülür ki, bu da respublikanın orta göstəricisindən 3 dəfə çoxdur. Şirkətin kombaynları və daşıyıcı texnikaları sahələrə cəlb edilib, biçinin optimal müddətdə başa çatdırılması üçün lazımı işlər görülür. Gün ərzində 300 ton məhsul toplanılır. Kür-Araz ovalığının iqlim şəraiti ildə iki dəfə qarğıdalı yetişdirərək məhsul götürməyə imkan verdiyi üçün şirkət gələn ildən işlərini bu istiqamətdə davam etdirməyi planlaşdırır. Hazırda şirkətin Ağsu və Kürdəmirdəki qarğıdalı sahələrində 50 nəfər daimi işçi çalışır. Müəssisə gələn il məhsulun saxlanılması üçün 30 min tonluq elevator inşa etdirməyi planlaşdırır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev ölkədə dən qarğıdalı istehsal etmək istəyən “Səba” şirkətinin layihəsinin maliyyələşdirilməsi üçün 5 milyon manat güzəştli kredit verildiyini bildirib. O, həmin vəsaitlə aparılan əkin sahələrinin vəziyyəti, məhsul biçini prosesi, yeni alınan texnikalarla tanış olub və digər quşçuluq təsərrüfatlarının da yemə olan tələbatının ödənilməsi və qarğıdalı əkinin aparılması üçün dövlət tərəfindən verilən güzəştli kreditlərdən istifadə edə biləcəyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR