Bank Of Baku

ABŞ Senatına seçkilərdən eksklüziv reportaj - FOTOSESSİYA

ABŞ Senatına seçkilərdən eksklüziv reportaj - <font color=red>FOTOSESSİYA</font>
# 02 noyabr 2010 08:53 (UTC +04:00)
Vaşinqton. Viktoriya Dementyeva-APA. Bu gün ABŞ Senatına seçkilər keçiriləcək. APA-nın ABŞ-a ezam olunmuş əməkdaşının Missuri ştatından seçkilərlə bağlı hazırladığı reportajı oxuculara təqdim edirik.

ABŞ-da təkcə prezidentlər, Konqres və Senat üzvləri deyil, polis rəisləri, hakimlər və məktəblərin idarəetmə orqanlarının üzvləri seçkilər yolu ilə müəyyənləşir. Amerikada seçici fəallığı çox aşağı səviyyədədir. Bu gün keçirilən seçkilərə səsvermə hüququ olan vətəndaşların yalnız 40 faizinin qatılacağı proqnozlaşdırılır. Seçici fəallığının daha yüksək göstəricisi yalnız prezident seçkilərində nəzərə çarpır. Statistikaya görə, daha fəal seçicilər Florida, Nevada və Kaliforniya ştatlarında yaşayırlar.

Senata seçkilərdə kim qalib gələcək?

Bir çox ekspertlər hesab edir ki, bu gün keçiriləcək seçkilərdən sonra Senatda çoxluğu respublikaçılar ələ keçirəcəklər. Amerika Universitetinin tədqiqat mərkəzinin direktoru Ceyms Työrberq də bu fikirdədir. O qeyd edir ki, son iki il ərzində prezident Barak Obamanın reytinqi 61 faizdən 44 faizə enib və bu amil Senata keçirilən seçkilərə də öz təsirini göstərəcək.

ABŞ-ın seçki sistemi

ABŞ-ın seçki sisteminin Azərbaycandakı seçki sistemindən bəzi fərqlərini qeyd etmək lazımdır. Məsələn, Missuri ştatında hər şəhərin öz Seçki Şurası var. Şuranın büdcəsi 50 faiz şəhər büdcəsinin, 50 faiz isə dairə büdcəsinin hesabına formalaşır. Bu kimi şuralar Missuri ştatının katibinə tabedir. Digər fərqli məqam isə namizədlərin təbliğatının səsvermə günü belə davam etməsidir. Həmin gün təbliğat prosesi daha aktiv xarakter alır, lakin bir məhdudiyyət var – səsvermə günü bu və ya digər namizədin təbliğat materialları – bukletlər və broşüralar seçki məntəqəsindən 8 metr uzaqda paylana bilər. Bu qaydaların pozulması ilə bağlı şikayətlər isə Şəhər Seçki Şurasına deyil, ştatın Etika Komissiyasına göndərilir. Seçki Şurası seçkilərin yalnız inzibati tərəfinə cavabdehdir, bu qurum səsvermə prosesinin təşkil edir, seçici siyahılarını hazırlayır.

Amerikalılar səsvermə üsulunu seçməkdə sərbəstdir

ABŞ-da əvvəlcədən səs vermək üsulu geniş yayılıb. Lakin seçkilərə xeyli qalmış səs vermək istəyən vətəndaşlar öz istəklərini əsaslandırmalıdır. Bunun üçün isə başqa şəhərə səfər, xəstəlik və s. əsas kimi göstərilə bilər. Əgər vətəndaşın gətirdiyi əsas Seçki Şurası tərəfindən qəbul olunursa, seçici səsvermə gününə kimi istənilən vaxt Seçki Şurasına gəlib səs verə bilər. Bunun üçün seçici bülletenlə səs vermə və elektron səsvermə maşınından istifadə imkanlarından birini sərbəst şəkildə seçə bilər.

Kanzas-sitinin Seçki Şurasının direktoru Şelli Mak Tomasın sözlərinə görə, seçicilərin 90 faizi bülletenlərlə, 10 faizi isə elektron maşınla səsverməyə üstünlük verir. Elektron səsvermə maşınından istifadə edənlərin əksəriyyəti məhdud fiziki imkanlara malik insanlar – görmə qabiliyyəti zəif vətəndaşlardır. Elektron səsvermə maşını səs idarəetməsi ilə təchiz olunub.

Missuri ştatında internet səsvermə tətbiq olunmur. Yalnız istisna hallarda, məsələn, ABŞ vətəndaşları başqa ölkədə hərbi əməliyyatlarda iştirak edirsə və onların bülleteninin Seçki Şurasına gec çatacağı yəqinləşirsə, o zaman internet yolu ilə səsverməyə icazə verilir. Şelli Mak Tomasın sözlərinə görə, ötən il Havay adalarında onlayn səsvermə üsulu tətbiq olunub və böyük uğur qazanıb.

Seçici siyahıları problemi

Seçki Şurasının direktoru bildirib ki, rəhbərlik etdiyi qurumun üzləşdiyi problemlərdən biri seçicilərin qeydiyyatı məsələsidir. Çünki Amerikada vətəndaşlar çox tez-tez yaşayış yerlərini dəyişirlər. Şuranın əsas vəzifələrindən biri seçicilərin yeni yaşayış yeri üzrə qeydiyyatını aparmaqdır. Seçki Şurasının binasında hər bir seçiciyə dair məlumatların olduğu kartoteka var. Məsələn Kanzas-Sitinin Seçki Şurasında seçicinin adı, ünvanı və imzasının fotosu olan 200 mindən artıq kağız anket saxlanır. İmzanın surəti vətəndaşın seçkilər günündən əvvəl səsvermə ehtimalına görə saxlanır. Belə olan təqdirdə seçici poçtla ona göndərilən bülletenə imza atmalıdır. Ştat ərazisində ağır cinayətlərə görə məhkum olunmuş, yaxud ömürlük azadlıqdan məhrum edilən şəxslər səsvermə hüququna malik deyillər.

Səsvermə günü – iş günündür

Qeyd edək ki, ABŞ-da seçkilər adətən çərşənbə axşamı keçirilir. Həmin gün ölkə ərazisində adi iş günü sayılır. Seçki məntəqələri səhər saat 6-da açılır və axşam 7-də bağlanır. Buna görə də amerikalılar adətən səhər tezdən səsverməyə üstünlük verirlər. Həmin gün vətəndaşlara səsvermədə iştirak etmək üçün işdən 2 saat icazə almaq hüququ da verilir.

Amerikada PR kampaniyaları necə keçirilir?

ABŞ-da seçkilər zamanı aparılan PR kampaniyalar postsovet məkanı ölkələrində aparılan analoji kampaniyalardan köklü surətdə fərqlənir. İlk növbədə isə bu prosesə çoxlu sayda könüllünün cəlb olunması ilə. Könüllülər gördükləri işə görə pul almırlar və bəzən namizədin seçki kampaniyasının təşkilatçıları və menecerləri də könüllülərdən ibarət olur. Kanzas-sitidə respublikaçıların seçki qərargahının menecerlərindən biri deyir ki, PR şirkətlərinin xidmətindən əsasən senator və qubernator postuna namizədlər istifadə edirlər. Aşağı əhəmiyyətli seçkilərdə isə adətən bu şirkətlərin xidmətlərindən yararlanmırlar. Həm də seçki kampaniyasının başlamasının konkret tarixi yoxdur, bəzən namizədin təbliğatına seçkilərə bir il qalmış başlayırlar. Könüllülər – menecerlər televiziya və radioda reklamlar təşkil edirlər və bu reklamların xərci namizəd tərəfindən ödənilir. Seçki kampaniyasının internetdə, sosial şəbəkələrdəki iştirakçıları çox aktivdir. Seçkilərdən əvvəl çox tez-tez telefonların avto cavablandırıcılarında seçiciləri bu və ya digər namizədə səs verməyə çağıran mesajlara rast gəlmək olur. Seçiciləri kampaniyaya ən müxtəlif yollarla dəvət edirlər, bunun üçün festivallar təşkil olunur, şirniyyat süfrələri açılır. Bundan başqa ABŞ-da da kağız təbliğat üsullarından – bukletlər, flayerlərdən geniş istifadə olunur. Namizədin plakatlarını ərazilərdə, evlərin yaxınlığında yalnız ev sahibinin razılığı ilə asmaq mümkündür. PR kampaniyalarında çox tez-tez rəqiblərin seçicilərə vədlərini lağa qoyan karikaturalardan, illüstrasiyalardan, gülməli posterlərdən, istifadə olunur.

Qalib gələcəyimizə inanırıq!

Könüllülər öz namizədlərinin və ya partiyalarını seçkilərdə qələbəsinə inanırlar. Kanzas-Sitidə demokratların seçki qərargahında çalışan menecerlərdən biri belə deyir: “Əlbəttə, biz seçkilərdə qalib gələcəyimizə və səslərin əksəriyyətini qazanacağımıza inanırıq. Ümidvarıq ki, seçicilər bizim proqramı dəstəkləyəcəklər”. Respublikaçılar Partiyasının nümayəndələri də seçkilərin nəticələrinə ümidlərini itirmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR