Bank Of Baku

BMT Baş Assambleyasında xalqların öz müqəddəratını təyinetmə hüququna dair müzakirələr keçirilib

BMT Baş Assambleyasında xalqların öz müqəddəratını təyinetmə hüququna dair müzakirələr keçirilib
# 04 noyabr 2010 01:15 (UTC +04:00)
Bakı-APA. 1 və 3 noyabr tarixlərində BMT Baş Assambleyasının Sosial, humanitar və mədəni məsələlər üzrə Komitəsində “Xalqların öz müqəddəratını təyinetmə hüququ” üzrə müzakirələr keçirilib. Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə, müzakirələrdə, Azərbaycan Respublikası da daxil olmaqla otuz yeddi üzv dövlət çıxış edib.

Edilmiş çıxışların əksəriyyətində xalqların öz müqəddəratını təyinetmə hüququnun yalnız müstəmləkə ərazilərinə, xarici hərbi işğal altında olan xalqlar da daxil olmaqla, əsarət və istibdad altında olan xalqlara şamil edilməsi qeyd edilib. Xalqların öz müqəddəratını təyinetmə hüququna münasibətdə beynəlxalq və dövlətdaxili hüquqda müəyyən hədlərin olması, müstəqil dövlətlərdən birtərəfli ayrılmanın beynəlxalq hüquqa uyğun olmadığı vurğulanmışdır. Bu hüququn gücdən qeyri-qanuni istifadə etməklə və beynəlxalq hüququn əsas xarakterli (jus cogens) normalarını pozmaqla həyata keçirilməsinin qəbuledilməz olması vurğulanıb.

Azərbaycan Respublikası adından edilmiş çıxışda qeyd olunan ümumi məqamlar və normativ əsaslarla yanaşı, bu hüququn qeyri-düzgün və kobud təfsiri hallarına rast gəlindiyi qeyd edilib. Bunun bariz nümunəsi kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, gücdən istifadə etmə və etnik təmizləməni həyata keçirməsinə bəraət qazandırmaq üçün xalqların öz müqəddəratını təyinetmə hüququna istinad etməsinin qəbuledilməz olması bildirilib. Bu cür mövqenin beynəlxalq hüquqa və məsələ üzrə davam edən siyasi danışıqlar prosesinə zidd olması bildirilib.

Çıxış edən üzv dövlətlər sırasında xalqların öz müqəddəratını təyinetmə hüququnu birtərəfli ayrılma kimi təfsir edən yeganə dövlət Ermənistan olub. Azərbaycana qarşı ərazi iddialarını bildirən Ermənistan nümayəndəsi öz ölkəsinin növbəti dəfə BMT Nizamnaməsi və beynəlxalq hüquqa qarşı açıq-aşkar hörmətsiz yanaşmamasını nümayiş etdirib. Bu cür təcavüzkar və qeyri-konstruktiv mövqe üzv dövlətlərin əsaslı narazılığına səbəb olub.

Buna cavab olaraq müvafiq qaydada Azərbaycan adından, müharibənin başlamasına görə məhz Ermənistanın məsuliyyət daşıması, həmin müharibə zamanı onun tərəfindən müxtəlif ciddi xarakterli beynəlxalq cinayətlərin törədilməsi və bu faktları əsaslı dəlillərin sübuta yetirdiyi diqqətə çatdırılıb. Həmçinin, Ermənistanın iddia etdiyi “öz müqəddəratını təyinetmə hüququ”nun BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, eləcə də digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz gücdən tətbiq etmək kimi qiymətləndirildiyi xüsusilə vurğulanıb. Nəticə etibarı ilə davamlı sülhə və sabitliyə nail olunması üçün Ermənistanın Azərbaycan ərazilərinin işğalına, eləcə də etnik ədavətə və qonşu ölkələrə qarşı ərazi iddialarına son qoyması və bütün region dövlətləri ilə sivil münasibətlər qurması ilə bağlı çağırış edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR