Bank Of Baku

Türkiyənin xarici işlər nazirinin Amerika görüşləri başa çatıb

Türkiyənin xarici işlər nazirinin Amerika görüşləri başa çatıb
# 01 dekabr 2010 01:28 (UTC +04:00)
Bakı-APA. Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlunun Amerika görüşləri başa çatıb.
APA-nın vonews.com saytına istinadən verdiyi xəbərə görə, görüşlər sırasında Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu ABŞ dövlət katibi Hillari Klinton ilə görüşüb. Türkiyə-Amerika münasibətlərini dünyada ən mühüm münasibətlər kimi qiymətləndirən Klinton əlaqələrin gücləndirilməsi və dərinləşdirilməsinin vacibliyini vurğulayıb. ABŞ dövlət katibi ölkələrin müştərək problemlər üzərində çalışdığını və bunların yalnız Türkiyə ilə Amerikanın görə biləcəyi işlər olduğunu deyib.
Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bildirib ki, Türkiyə -ABŞ əlaqələri strateji ortaqlığın nümunəsidir. Əhməd Davutoğlu qlobal və regional sülhün bərqərar edilməsi üçün Türkiyənin xarici siyasətini Amerika hökuməti ilə koordinasiyalı şəkildə yürüdəcəyini bildirib. Xarici işlər nazirinin Vaşinqton səfərinə Vikileaksin teleqramları açıqlaması öz damğasını vurub. Davutoğlu türk rəsmiləri barədə deyilənlərə görə Hillari Klinton və milli təhlükəsizlik müşaviri Tom Donilonun ondan üzr istədiyini deyib. Nazir bunları mətbuat konfransı zamanı bildirib. O deyib ki, məxfi məlumatların açıqlanması diplomatiya baxımından uğursuzluq kimi qiymətləndirilməlidir.
Əhməd Davudoğlu deyib ki, hadisələrin bu şəkildə cərəyanı nə Türkiyənin xarici siyasətində, nə də Türkiyə-Amerika münasibətlərində dəyişikliyə yol açacaq. Vaşinqton görüşləri sırasında Corctaun universiteti və Brookinqs institutunda da çıxışlar edib. Corctaun universitetində danışan nazir Türkiyənin xarici siyasətinin prioritetləri, habelə Amerika ilə ortaq maraqlardan danışıb. Yeni bir dünya quruluşuna ehtiyac olduğunu deyən Davutoğlu Türkiyənin bi sahədə önəmli rol oynaya biləcəyini vurğulayıb.
Soyuq müharibə dövründən sonra dünyanın dəyişikliklərə ehtiyacı olduğunu deyən Davutoğlu mədəni, iqtisadi və siyasi sahələrdəki çoxsaylı problemlərin həllinin yalnız dünyanın yenidən nizamlanması ilə mümkün olduğunu bildirib. Çıxışından sonra auditoriyanın suallarını cavablandıran xarici işlər naziri İran və İsraillə bağlı fikirlərini dilə gətirib. O, aktiv bir sülh diplomatiyasının vacibliyini vurğulayıb.
Nazir deyib ki, əgər İraq bölünsə, İraqda qarışıqlıq yaransa, bunun dəyərini Türkiyə ödəməli olacaq. Davutoğlu Türkiyənin tək istəyinin siyasi sabitlik olduğunu deyib. İsrail-Fələstin münaqişəsinin həllinə birincilik verilməsini önə çəkən nazir “Fələstin problem həll edilməsə, Yaxın Şərqdə siyasi sabitlik və demokratikləşmə mümkün olmayacaq”-deyə qeyd edib. Bununla Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Vaşinqton görüşlərini başa vurub, Amerikanı tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR