Ötən il anadan olan 16 uşaqda İİV infeksiyası aşkarlanıb

Ötən il anadan olan 16 uşaqda İİV infeksiyası aşkarlanıb
# 14 mart 2016 13:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda 2015-ci ildə 704 nəfər İİV infeksiyasına yoluxub.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövryyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi”ndə əksini tapıb.

Bunlardan 154 nəfər inyeksion narkotik istifadəçisidir. 405 nəfər heteroseksual kontakt, 31 nəfər homoseksual kontakt, 16 nəfər anadan uşağa ötürülmə, 98 nəfər isə naməlum yolla İİV-ə yoluxub. 1987-ci ildən 2016-cı il yanvarın 1-ə qədər olan dövrdə ümumilikdə isə 5 min 439 nəfər İİV infeksiyasına yoluxub. Onlardan 2 min 743 nəfər inyeksion narkotik istifadəçisidir. 2 min 82 heteroseksual kontakt, 92 nəfər homoseksual kontakt, 99 nəfər anadan uşağa ötürülmə, 422 nəfər naməlum yolla İİV-ə yoluxub.

Məruzədə qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi İİV infeksiyasının ölkədə yayılması əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotiklər istifadəçiləri hesabına baş verir. Azərbaycan vətəndaşları arasında 2015-ci ildə aşkar olunan İİV-ə yoluxma halların 21,9%, ümumilikdə isə 1992-01.01.2016-cı il tarixədək yoluxma halların 50,4% inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Eyni zamanda ölkədə İİV-ə narkoman ların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Səhiyyə Nazirliyinin 02/15-1101 saylı 26.05.1997-ci il tarixli “Venadaxili narkomanlarının İİV-ə mütləq müayinəsi barədə” metodiki göstərişinə əsasən, İİV infeksiyasının inyeksion narkotik istifadəçiləri (İNİ) arasında yayılmasının profilaktikası məqsədilə, Respublika Narkoloji Mərkəzinin qeydiyyatında olan xəstələrin qan nümunələri QİÇS-lə Mübarizə Mərkəzinə və onun regional İİV diaqnostika laboratoriyalarına mütəmadi göndərilir və müayinə olunur. 2015-ci il ərzində narkomaniyaya düçar olmuş insanların qanının İİV-ə müayinəsi nəticəsində onlardan 42 İİV infeksiyasına yoluxma faktı təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR