Qazax və Ağstafada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə evlər paylanıb

Qazax və Ağstafada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə evlər paylanıb
# 23 fevral 2016 14:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazax rayonunda 8 ədəd, Ağstafa rayonunda isə 4 ədəd olmaqla, ümumilikdə 12 ədəd yeni fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, evlərin təqdim olunması tədbirlərində nazir müavini Natiq Məmmədov, Qazax və Ağstafa rayonları İcra Hakimiyyətlərinin məsul şəxsləri, əlil ictimai birliklərinin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

"Ötən il Tərtər rayonunda 54 mənzilli yaşayış binası, müxtəlif rayonlarda 82 ədəd fərdi yaşayış evi, hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir etdirilib 145 ədəd mənzil istifadəyə verilməklə, ümumilikdə 281 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Ölkəmizdə bütün sosial proqramların icrası, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir və cari ilin əvvəlindən artıq 22 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilib", - deyə N. Məmmədov bildirib.

Nazir müavini vurğulayıb ki, bu təbəqələrdən olan insanların maddi təminatları da mütəmadi olaraq gücləndirilir. Bu istiqamətdə növbəti addım kimi, şəhid ailəsi üçün Azərbaycan prezidentinin təqaüdünün aylıq məbləği 10% artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilib. 19 yanvar 2016-cı il tarixli fərmanla isə müharibə əlillərinə prezidentin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10% artırılmaqla, bu təbəqədən olan I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb.

Fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edilmələrinə görə minnətdarlıqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR