BFB: "Yunayted Kredit Bank" və "Kapital Menecment İnvestisiya Şirkəti" səhmdarımız olaraq qalır

BFB: "Yunayted Kredit Bank" və "Kapital Menecment İnvestisiya Şirkəti" səhmdarımız olaraq qalır
# 03 fevral 2016 13:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yanvarın 25-də lisenziyası ləğv olunan "Yunayted Kredit Bank" ASC Bakı Fond Birjasının (BFB) səhmdarlarından biri olaraq qalır. Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq BFB-dən bildirilib.

Bildirilib ki, "Yunayted Kredit Bank" hüquqi şəxs kimi ləğv edilmədiyindən (bank lisenziyasının dayandırılması hüquqi şəxsin ləğvi demək deyil) həmin qurumun mülkiyyətində olan səhmlər hal-hazırda özlərindədir.

Bundan başqa, AMB-nin İdarə Heyətinin fevralın 1-də verdiyi qərar ilə lisenziyası ləğv olunan "Texnikabank" ASC-nin törəmə müəssisəsi olan "Kapital Menecment İnvestisiya Şirkəti" də BFB-nin səhmdarları siyahısından çıxarılmayıb: "Kapital Menecment İnvestisiya Şirkəti" "Texnika Kapital" MMC-nin hüquqi varisidir və BFB-nin səhmləri hal-hazırda "Kapital Menecment İnvestisiya Şirkəti" ASC-yə məxsusdur. Hal-hazırda ASC-nin üzvlükdən çıxarılması məsələsi gündəlikdə deyil".

Yeri gəlmişkən, hal-hazırda BFB-nin 20 səhmdarı var.

Qeyd edək ki, BFB QSC olduğundan səhmdarların payı barədə məlumatların açıqlanması üçün onların icazəsi tələb olunur.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Yunayted Kredit Bank”in eləcə də, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank”ın bank lisenziyaları ləğv edilib. Hər iki banka müvəqqəti inzibatçı təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR