Foreign Policy: İran Əfqanıstanla sərhəddə “bufer zonası”nın yaradılması üçün “Taliban”la əməkdaşlıq edir

Foreign Policy: İran Əfqanıstanla sərhəddə “bufer zonası”nın yaradılması üçün “Taliban”la əməkdaşlıq edir
# 27 may 2016 04:23 (UTC +04:00)

Bakı-APA. İran Əfqanıstanla sərhəddə “bufer zonası” yaratmaq və İŞİD silahlılarının ölkə ərazisinə keçməsinin qarşısını almaq məqsədi ilə “Taliban”la əməkdaşlıq edir. APA-nın “RİA Nobosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın “Foreign Policy” jurnalına diplomatik və hərbi dairələrdəki mənbələr bildirib.

Nəşr qeyd edir ki, “Taliban”ı son vaxtlaradək təhlükə mənbəyi hesab edən İran hakimiyyəti siyasətində ciddi dəyişiklik edib. Məqalə müəllifləri qeyd edir ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2001-ci ildə Əfqanıstana hərbi müdaxilə edənədək İran o zaman taliblərin əsas düşməni hesab olunan “Şimali Alyans”ı silah-sursatla təmin edib və digər yardımlar göstərib.

Nəşrin məlumatına görə, hazırda Tehranda hesab edirlər ki, “Taliban” İŞİD-lə müqayisədə ölkəyə daha az təhlükə yaradır. ABŞ administrasiyasının hesablamalarına əsasən, İŞİD-in Əfqanıstandakı dəstələrinin tərkibində 3 minədək silahlı döyüşür və onların sayı artmaqdadır.

Mənbə “Foreign Policy”-ə bildirib ki, İranın yaratmağa çalışdığı “bufer zonası” Əfqanıstanın cənubundakı Hilmənd əyalətindən şimaldakı Gündüz əyalətinədək olan ərazimi əhatə edəcək. “Taliban” qeyd olunan ərazilərin çox hissəsinə nəzarət edir.

Digər mənbələr İranın artıq sərhədboyu cəmləşən “Taliban” dəstələrini pulemyot, əl qumbaraatanları və sursatlarla təchiz etdiyini və maliyyə dəstəyi göstərdiyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR