Gender zorakılığı ilə bağlı hazırlanan Milli Strategiya və Fəaliyyət Planına rəy və təkliflər verilib

Gender zorakılığı ilə bağlı hazırlanan Milli Strategiya və Fəaliyyət Planına rəy və təkliflər verilib
# 23 noyabr 2015 14:49 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin gerçəkləşdirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində hazırlanmaqda olan “Gender zorakılığı zəminində yaranan mübahisələrin təhlili və zorakılığa məruz qalmış şəxslərə yardımın göstərilməsi sahəsində Milli Strategiya və Fəaliyyət Planı”nın təqdimatına həsr edilmiş dəyirmi masa keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirin təşkilində əsas məqsəd sözügedən Milli Strategiya və Fəaliyyət Planının hesabat layihəsinin təqdim edilməsi, müzakirələrin aparılması və yekun olaraq rəy və təkliflərin öyrənilməsi olub.

Xarici ekspertlərin, hakimlərin və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları da iştirak ediblər.

Ombudsmanın nümayəndələri bildiriblər ki, Ombudsman Elmira Süleymanova zorakılığa məruz qalmış şəxslərin, o cümlədən qadın və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədbirlər təşkil edir, qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürür.

Milli Strategiya və Fəaliyyət Planı layihəsinə Ombudsmanın bir sıra təkliflərinin daxil edilməsinin təqdirəlayiq hal olduğu diqqətə çatdırılıb. “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi, ölkəmiz tərəfindən 2008-ci il 17 noyabr tarixində imzalanmış “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiyası prosesinin və “Uşaqların cismani cəzadan qorunması haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin sürətləndirilməsi, “Aliment Fondu”nun yaradılması və s. təkliflər bu qəbildəndir.

BMT tərəfindən 2015-ci ilin sentyabr ayında qəbul edilmiş və özündə 17 məqsədi birləşdirən 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 5-ci məqsədinin məhz gender bərabərliyinə nail olmaq və bütün qadın və qızlara səlahiyyət vermək olduğu diqqətə çatdırılıb: “Bu baxımdan “Gender zorakılığı zəminində yaranan mübahisələrin təhlili və zorakılığa məruz qalmış şəxslərə yardımın göstərilməsi sahəsində Milli Strategiya və Fəaliyyət Planı”nın layihəsi hazırlanarkən qeyd olunan milli və beynəlxalq əhəmiyyətli sənədlərdən irəli gələn müddəaların nəzərə alınması tövsiyə edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR