Azərbaycanda İSESKO XII Baş konfransı və İcraiyyə Şurasının toplantısı keçiriləcək

Azərbaycanda İSESKO XII Baş konfransı və İcraiyyə Şurasının toplantısı keçiriləcək
# 21 noyabr 2015 07:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan 23-27 noyabr 2015-ci il tarixlərində İSESKO XII Baş konfransı və İcraiyyə Şurasına ev sahibliyi edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfransda müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacaq və qəbul ediləcək qərarlar islam ölkələri arasında əməkdaşlığın daha da dərinləşməsinə öz töhfələrini verəcək.

İSESKO-nun İcraiyyə Şurası Asiya, Afrika və Ərəb regionlarını əhatə edən 52 üzv dövlətin nümayəndəsindən ibarət olmaqla ildə bir dəfə öz toplantısını keçirir. Toplantıda Baş direktorun təşkilatın proqramı və fəaliyyəti ilə bağlı inkişaf üzrə tərəqqi hesabatı, maliyyə hesabatı nəzərdən keçirilir, İSESKO büdcəsinə üzv dövlətlərin maliyyə töhfələri qiymətləndirilir.

Təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər üç ildən bir keçirilir. İSESKO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş konfrans zamanı təşkilatın fəaliyyət sferalarına aid olan məsələlərlə bağlı koordinasiya və qiymətləndirmə həyata keçirilir, təşkilatın növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir.

Tədbirə ev sahibliyi edən ölkə nümayəndəsinin XII Baş Konfransın prezidenti seçilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan 1991-ci ildən İSESKO-nun üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR