QMİ sədri: “Postsovet məkanındakı bütün münaqişələr beynəlxalq hüquq normaları əsasında həll edilməlidir”

QMİ sədri: “Postsovet məkanındakı bütün münaqişələr beynəlxalq hüquq normaları əsasında həll edilməlidir”
# 29 oktyabr 2015 09:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Postsovet məkanında mövcud bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, dinc yolla həll edilməlidir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya paytaxtında “Din və dünya” mövzusunda keçirilən III Moskva Beynəlxalq Forumunda çıxış edən MDB-nin Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O, MDB məkanında sülhə ziyan vuran faəliyyətdən narahat olduqlarını söyləyib: “Bununla əlaqədar Sovet İttifaqının dağılmasına, separatizmə, etnik təmizləmələrə, postsovet məkanında millətlərarası qarşıdurmalara səbəb olan münaqişələri yada salmaya bilmərəm. Biz, din xadimləri üçün insan həyatı ən yüksək dəyərdir. Bu səbəbdən biz, rus pravoslav kilsəsinin nümayəndələrinə, patriarx Kirillə Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli yolla nizamlanmasında səylərinə, onun dinlərarası münaqişəyə çevrilməsinə yol vermədiklərinə və vasitəçilik fəaliyyətinə görə təşəkkürümüzü bildiririk. Hesab edirəm ki, postsovet məkanında mövcud bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla həll edilməlidir”.

A. Paşazadə Rusiya prezidentinin Dövlət Dumasına təqdim etdiyi, “Quran” və “İncil”dən sitatların ekstremist material kimi təqdim edilməsinə qadağa qoyan qanun layihəsinin əhəmiyyətini xüsusi qeyd edib. O, Azərbaycanda nadir dinlərarası əməkdaşlıq təcrübəsinin olduğunu bildirib: “Müstəqil Azərbaycanda tolerantlıq və multikultiralizm təməli Heydər Əliyev tərəfindən qoyulmuş dövlət strategiyasının əsasını təşkil edir. Bu siyasəti prezident İlham Əliyev uğurla davam etdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR