AMEA: Yaxın illərdə yağıntının miqdarı dağlıq ərazilərdə artacaq, Aran rayonlarında azalacaq

AMEA: Yaxın illərdə yağıntının miqdarı dağlıq ərazilərdə artacaq, Aran rayonlarında azalacaq
# 16 sentyabr 2016 13:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Yaxın illər ərzində ölkənin dağlıq ərazilərdə yağıntının miqdarı bir qədər artacaq, Aran rayonlarında isə azalacaq”.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

O bildirib ki, bu proses Azərbaycan ərazisində qeyri-bərabər gedir: “Böyük Qafqazın cənub yamacında - Şəki, Zaqatala, Qax, Balakən rayonlarında yağıntıların illik normaya nisbətən artması, Aran rayonlarında isə yağıntının azalması müşahidə edilir. Bu, iqlim dəyişikliyi ilə bağlıdır, gözləniləndir. 1961-1990, 1991-2015-ci illərin rəqəmləri bunu deməyə əsas verir”.

M. Həsənov qeyd edib ki, hazırda Azərbaycana şimal və şimal-qərb istiqamətlərindən hava kütlələri daxil olub: “Atlantik okeanı üzərində əmələ gələn mülayim kontinental dəniz hava kütlələri və Skandinaviya yarımadası üzərində əmələ gələn mülayim kontinental hava kütlələri həmişə özləri ilə rütubət gətirir. Yəni sentyabr ayında havanın yağmurlu keçməsi anormal hal deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR