Adam oğurluğunda təqsirləndirilən sabiq polisin cinayət işi üzrə məhkəmə tərkibi dəyişib

Adam oğurluğunda təqsirləndirilən sabiq polisin cinayət işi üzrə məhkəmə tərkibi dəyişib
# 16 mart 2016 08:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin sabiq əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə heyətinə verdikləri etirazla bağlı vəsatətlərinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə onların etirazı qəbul edib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin icraatına verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclas zamanı təqsirləndirilən şəxslərin müdafiəçiləri və zərərçəkənlər məhkəmə tərkibinə etiraz veriblər. Qanunvericiliyə əsasən bu cür etirazlara Bakı Apellyasiya Məhkəməsində baxılır.

İttihama görə, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə iki qızı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər. Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin Fərid Azayev barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Faiq Azayev barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR