RİİB valideyn himayəsindən məhrum uşaqlar üçün peşə kursları təşkil edib

RİİB valideyn himayəsindən məhrum uşaqlar üçün peşə kursları təşkil edib
# 23 may 2016 14:49 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə (RİİB) daxil olan müraciət əsasında Quba rayonunda valideyn himayəsindən məhrum uşaqlar üçün peşə yönümlü kurslar təşkil olunub.

RİİB-dən APA-ya bildirilib ki, Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinin 9-11-ci sinif şagirdləri artıq peşə və ixtisas seçimində qərarlıdırlar. 21 şagirdin iştirak etdiyi kurslarda Quba peşə liseyinin müəllimləri nəzəri və praktik dərslər keçib. Təlimlər uşaqların istedad və bacarıqlarına uyğun olaraq aşpaz, saç ustası, avtomexanik, tibb bacısı, rəssam və digər ixtisaslar üzrə təşkil olunub.

İnternat məktəbinin 5 şagirdi təlim kurslarında yaradıcılığa üstünlük verib. Onlar muncuqlardan, sapdan tikmələrlə əl işlərinin və rəssamlığın sirlərini öyrəniblər. Yeniyetmələr əsasən vətənpərvərlik və təbiət mövzusunda əsərlər üzərində çalışıblar. Bu kursu bitirən şagirdlər əl işlərini sərgiyə təqdim etməyi planlaşdırır.

Eyni zamanda internat məktəbinin 3 yetirməsi mühərrik üzrə mexanik və elektrotexnik peşəsini seçiblər. Gənclər XXI əsrin yeni texnologiyaların inkişafı dövrü olduğunu nəzərə alaraq bu sənətə üstünlük veriblər.

Qeyd edək ki, kurs müddətində hər bir iştirakçı öyrəndiyi bilikləri həm də öz sahələri üzrə praktik saatlarda nümayiş etdirmək şansı qazanıb.

Əldə olunan bilikləri inkişaf etdirmək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən kursu bitirən şagirdlərin hər birinə seçdikləri peşə yönümünə uyğun hədiyyələr də təqdim edilib.

Qeyd edək ki, regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi üzrə layihələrin həyata keçirilməsi RİİB-in əsas fəaliyyət istiqamətlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR