Nazirlik nümayəndəsi: "Hazırda Rusiyadan Azərbaycana 300-350 avroya səyahət turları təklif olunur"

Nazirlik nümayəndəsi: "Hazırda Rusiyadan Azərbaycana 300-350 avroya səyahət turları təklif olunur"
# 25 fevral 2016 00:51 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. "Rusiyada fəaliyyət göstərən “Tour a Vent” turizm şirkəti ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında 1 fevral 2016-cı il tarixdə bağlanan müqaviləyə əsasən bu şirkət tərəfindən 1 il ərzində Azərbaycanın turizm imkanları barəsində təbliğat və təşviqat kampaniyası aparılacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimai əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün Rusiya turistlərin cəlb olunması baxımından prioritet ölkədir: "Marketinq strategiyamıza uyğun olaraq Rusiya ilk sırada gəlir. Azərbaycana gələn turistlərin 30 faizini məhz rusiyalı turistlər təşkil edir. Bu rəqəmin artırılması bizim qarşımızda duran ən vacib məsələlərdən biridir. Bilirsiniz ki, dünyada baş verən siyasi və iqtisadi proseslər turizmdən də yan keçməyib. Azərbaycanın yerləşdiyi çoğrafi mövqe, iqlim şəraiti imkan verir ki, qonşu ölkələrdən, xüsusi ilə də Rusiyadan turistlərin cəlb olunmasını daha da sürətləndirək".

V. Şıxməmmədov Rusiya paytaxtında Azərbaycanın Turizm Nümayəndəliyinin açılış mərasimində ölkəmizin yay və qış turizmi, sağlamlıq turizminə dair imkanlarının təqdim edildiyini qeyd edib: "Tədbir çərçivəsində Azərbaycan Turizm Assosiasiyası ilə Ulyanovsk Turizm Assosiasiyası arasında və Rusiya Turoperatorlar Assosiasiyası arasında memorandumlar imzalanıb".

Nazirlik nümayəndəsi Rusiyadan Azərbaycana təşkil olunan tur-səyahət paketinin qiymətlərinə də aydınlıq gətirib: "Ümumiyyətlə devalvasiyadan sonra Azərbaycanda olan mehmanxanaların, turizm xidmətlərinin qiymətləri nəyinki Rusiyadan, digər xarici ölkələrdən də sərfəlidir. Bizim üçün prioritet məsələ odur ki, vahid turizm məhsulu ilə xarici turistləri ölkəmizə gətirə bilək. Yəni, Azərbaycan Hava Yolları,həm mehmanxanalar, həm də bələdçi nəqliyyat xidmətləri vahid ucuz qiymətlər təklif edə bilsin. “Tour a Vent” şirkəti artıq bu şərtlərlə ölkəyə turist gətirə bilir. Hazırda Rusiyadan Azərbaycana 300-350 avro-dan başlayan qiymətlərə səyahət turları təklif olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR