Qaradağ Sənaye Parkında fəaliyyət göstərən şirkətlər üçün güzəştlər ediləcək

Qaradağ Sənaye Parkında fəaliyyət göstərən şirkətlər üçün güzəştlər ediləcək
# 18 aprel 2016 10:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Qaradağ Sənaye Parkında rezidentin fəaliyyət məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumundan azad edilir.


"APA-Economics" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Gömrük tarifi haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə məlumat verib.

Onun sözlərinə görə, qanuna təklif edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilir.

Qeyd edək ki, “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Qaradağ Sənaye Parkının yaradılması haqqında Azərbaycan respublikası Prezidentinin 3 iyun 2015-ci il tarixli, 1255 nömrəli sərəncamının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

Ölkəmizdə yeni sənaye sahəsi kimi fəaliyyətə başlayan gəmiqayırma sahəsinin inkişafını təmin etmək məqsədilə qanunvericiliyə edilməsi nəzərdə tutulan bu dəyişikliklər özündə aşağıdakı məsələləri ehtiva edir:

1. Bu fəaliyyətlə məşğul olan şəxslərin həmin fəaliyyətin məqsədləri üçün idxal etdikləri bütün növ malların gömrük rüsumlarından və ƏDV-dən azad edilməsini.

2. Gəmiqayırma fəaliyyətinin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunmasını.

3. Bu fəaliyyətə cəlb edilmiş əcnəbilərin məcburi dövlət sığortasından azad edilməsini,

4. Bu məqsədlə ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iş icazəsinin alınmasından azad olunması və müvəqqəti yaşamaq hüququnun verilməsini.

Bundan başqa, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə vergi ödəməkdən azad edilir. Həmçinin, 2016-cı il mayın 1-dən 5 il müddətinə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən vergi 0 dərəcə tutulur.

“Sosial sığorta haqqında” qanununa edilən dəyişikliklərdə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər 2016-cı il mayın 1-dən 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir.

Qeyd edək ki, qanun layihələrinə və Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihələri Milli Məclisin aprelin 26-da keçiriləcək plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR