ABŞ-ın Nyu-York şəhərinin Kvins rayonunda baş verən güclü yanğın nəticəsində ümumilikdə 23 nəfər xəsarət alıb. Yaralananlar arasında 19 yanğınsöndürən də var.
APA xəbər verir ki, Nyu-York Şəhər Yanğınsöndürmə İdarəsinin (FDNY) məlumatına görə, bütün yaralılar xəstəxanalara çatdırılıb. Yerli KİV-in yaydığı xəbərlərdə bildirilir ki, beş yanğınsöndürənin vəziyyəti orta və ağır dərəcəli qiymətləndirilir. Onlardan biri isə ağır vəziyyətdə xəstəxanada müalicə olunur.
Yanğın Əməliyyatları İdarəsinin rəisi Kevin Vuds bildirib ki, yanğınsöndürənlər hadisə yerinə çatdıqda artıq iki bina tamamilə alov içində idi və alov üçüncü binaya da yayılmışdı.
Yanğınsöndürənlər alovun başladığı binadan bir neçə sakini təxliyə edərək xilas ediblər. Hazırda yanğının tam söndürülməsi və alovun ətrafdakı binalara yayılmasının qarşısının alınması istiqamətində işlər aparılır.