Nizami Gəncəvi Mərkəzinin nümayəndə heyəti İordaniya rəhbərliyi ilə görüşlər keçirib

Nizami Gəncəvi Mərkəzinin nümayəndə heyəti İordaniya rəhbərliyi ilə görüşlər keçirib
# 23 yanvar 2018 13:25 (UTC +04:00)

İordaniya kralı II Abdullanın dəvətilə Əmmanda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) ali səviyyəli nümayəndə heyəti İordaniya şahzadəsi Əl Hassan bin Talal, Senatın prezidenti Faisal El-Fayez və xarici işlər naziri Ayman Safadi tərəfindən qəbul edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinə ərəb dünyasının siyasətçiləri ilə yanaşı, Serbiya, Bolqarıstan, Ukrayna, Xorvatiya və Latviyanın keçmiş prezidentləri Boris Tadiç, Petar Stoyanov, Viktor Yuşenko, İvo Yosipoviç, Valdis Zatlers, həmçinin, Çexiya, Bosniya və Herseqovinanın keçmiş baş nazirləri Jan Fişer, Zlatko Laqumciya və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov daxildir.

İordaniya rəsmiləri ilə görüşlərdə əsasən Fələtin-İsrail sülh danışıqları və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesə verə biləcəyi töhfələr müzakirə edilib. Qeyd olunub ki, bölgədə sülhün bərqərar olması Fələstin-İsrail probleminin həllindən keçir. Həmçinin, bölgədəki böhranlar, onların həlli istiqamətində göstərilən səylər, Suriya qaçqınları, terrorla mübarizə məsələləri barədə də fikir mübadilə aparılıb.

Görüşlərdə martın 15-17 Bakıda keçiriləcək VI Qlobal Bakı Forumuna hazırlıq və İordaniya rəsmilərinin Forumda iştirak məsələləri geniş müzakirə olunub.

Xatırladaq ki, Yaxın Şərqdə dialoqun təşviq edilməsi məqsədilə Əmmanda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzini nümayəndə heyətini Kral II Abdulla da qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR