Komitə sədri: “Azərbaycanda orqan donorları ilə bağlı məsələyə yenidən baxılmalıdır”

Komitə sədri: “Azərbaycanda orqan donorları ilə bağlı məsələyə yenidən baxılmalıdır”
# 14 sentyabr 2017 12:49 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasında Səhiyyə Komitəsinin 7 iclası keçirilib və burada 14 məsələ müzakirə olunub. APA-nın xəbərinə görə, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. Onun sözlərinə görə, müzakirələr nəticəsində 13 qanun layihəsi plenar iclasa təqdim edilib və təsdiq edilib. Yaz sessiyası dövründə komitəyə 209 ərizə daxil olub. Komitə sədri qeyd edib ki, bu müraciətlərlə bağlı müxtəlif nazirlik və müəssisələrə 165 məktub göndərilib: “Komitəyə daxil olan əsas müraciətlər xaricdə müalicə ilə bağlıdır. Lakin çox vaxt müalicə üçün müraciət edən insanların müraciətləri əsassız olur. Çünki səhiyyənin maddi-texniki bazası o qədər inkişaf edib ki, Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik, patologiya yoxdur. Amma ödənişlə bağlı problemlərlə rastlaşırıq, çalışırıq ki, onu həll edək. Çox təəssüflər olsun ki, orqan transplantasiyası kifayət qədər geniş həyata keçirilmir. Azərbaycanda donor məsələsi bir daha müzakirə edilməli və qanuna yenidən baxılmalıdır. Azərbaycanda donorluq demək olar ki, “yox” dərəcəsindədir”.

Gözün buynuz qişasının ölkəyə gətirilməsi ilə bağlı problemlərə toxunan Ə.Əmiraslanov qeyd edib ki, gözün buynuz qişası “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı”na daxil edilib: “Gələcəkdə gözün buynuz qişasının bankını yaratmaq və göz qişasını meyitlərdən götürmək mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR